Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
# 12 yanvar 2016 15:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Əməliyyat müşavirəsini açan nazir Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qanunla qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, respublikamızda, onun paytaxtında ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində önəmli rol oynadığını, bunun nəticəsi olaraq, keçirilmiş bir çox beynəlxalq və ölkə daxili tədbirlər zamanı ictimai asayişin yüksək səviyyədə qorunduğunu, görülən işlərdə, qazanılan uğurlarda Əlahiddə Çevik Polis Alayının da böyük əməyi olduğunu qeyd edib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın inzibati ərazilərində cinayətlərin dinamikasında və strukturunda müsbət təmayüllər qeydə alınıb, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27564 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Həmin şəxslərdən 86-sı axtarışda olanlar, 243-ü xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-sı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır. Eyni zamanda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5803, o cümlədən 2399 piyada, məişət səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13239 nəfər müəyyən edilərək rayon polis idarələrinin aidiyyəti polis bölmələrinə təhvil verilib.

Bildirilib ki, ötən il ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı da şəxsi heyət asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi funksiyalarını layiqincə yerinə yetirib, avqust ayında Mingəçevir şəhərində asayişin qrup halında pozulmasının qarşısının alınmasında fəal iştirak edib. Ötən ilin sonlarında paytaxtın Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyatlardan sonra Alayın əməkdaşları cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərinə qüvvə dəstəyinin verilməsində də öz səylərini əsirgəməyiblər.

Bakı Baş Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən tədbirlərlə 5 avtomat, 6 tüfəng, 3 tapança, 22 qumbara, 368 patron, 16 "Molotov kokteyli", 1 partlayıcı qurğu, 2 qutu barıt, 7 qutu alışdırıcı patron, 8 ədəd müxtəlif növ soyuq silah, 1 beşbarmaq, 300 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmət qabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edib. O bildirib ki, Bakı şəhərində ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməli, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı daha da artırılmalıdır. Qeyd olunub ki, əməkdaşlar qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir.

R. Usubov prezident İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR