Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası indiyədək Azərbaycanda 14 layihəyə 130 mln. dollar ayırıb

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası indiyədək Azərbaycanda 14 layihəyə 130 mln. dollar ayırıb
# 31 may 2016 15:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşüb.


İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə uğurlu əməkdaşlığı qeyd edib, Korporasiya tərəfindən özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib. Qeyd edək ki, Korporasiya tərəfindən ölkəmizdə indiyədək əsasən banklara və özəl şirkətlərə birbaşa kredit xəttinin açılması, səhm kapitalında iştirak olmaqla 14 layihənin həyata keçirilməsinə 130 mln. dollar ayrılıb.

Görüşdə Korporasiyanın Azərbaycan İnvestisiya Şirkətinin də təsisçisi olduğu “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti müzakirə edilib, yeni layihələrin nəzərdə tutulduğu vurğulanıb.

Bununla belə, korporasiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirən Ş. Mustafayev sənaye və kənd təsərrüfatı sahəsinə, o cümlədən sənaye parkları və məhəllələrinin yaradılması kimi prioritet sahələrə investisiya qoyuluşunu, özəl sektora maliyyə dəstəyinin genişləndirilməsini diqqətə çatdırıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, Korporasiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR