Yaponiya səfiri Şamaxıda olub

Yaponiya səfiri Şamaxıda olub
# 31 iyul 2017 15:06 (UTC +04:00)

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şamaxı rayonunun Quşçu kəndində “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsinin icrası başa çatdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, kəndə içməli suyun verilməsi münasibətilə təşkil olunan mərasimdə çıxış edən Milli Məclisin deputatı Elxan Süleymanov Yaponiya hökumətinin bölgələrdə, o cümlədən Şamaxıda həyata keçirdiyi qrant layihələrindən danışıb.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək qeyd edib ki, Şamaxıda su təchizatı ilə bağlı 2009-cu ildə Məlikçobanlı kəndində də layihə həyata keçirilib. Ümumiyyətlə, Yaponiya hökuməti tərəfindən məktəb tikintisi və təmiri ilə birlikdə indiyədək Şamaxı rayonunda 4 layihə reallaşıb.

Qeyd olunub ki, “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi” Qeyri-Hökumət Təşkilatı arasında imzalanıb. Layihə çərçivəsində 150 metr dərinlikdə artezian quyusu qazılmaqla, 1,8 kilometr su borusu, 2 su çəni və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib ki, bu da yerli sakinlərin su ehtiyacının ödənilməsinə imkan yaradıb. Bu layihədən 2200 nəfər sakininin faydalanacağı gözlənilir. Layihənin ümumi məbləği 82 min 930 ABŞ dolları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR