Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlayır

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlayır
# 09 yanvar 2018 13:55 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahan Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünbanında keçiriləcək. İmtahana qeydiyyat 10 yanvardan başlayacaq və 24 yanvarda yekunlaşacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir.

Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeyd edək ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə inzibati rəhbər vəzifələr üzrə (A növü) 204 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (171 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (10 vakant vəzifə), Dəniz Administrasiyası (6 vakant vəzifə), Dini Qurumlar üzrə Dövlət Komitəsi (4 vakant vəzifə), Mülki Aviasiya Administrasiyası (4 vakant vəzifə) tərəfindən təqdim olunub.

Rəhbər vəzifələrə aid olan 198 vəzifə üzrə dövlət qulluğuna qəbul üçün 27 dekabr 2017-ci il tarixdə müsabiqənin müsahibə mərhələsi elan edilmişdir və həmin vəzifələr üzrə müsahibədə iştirak üçün qeydiyyat 25 yanvar 2018-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR