DGK-da xidmətə yeni qəbul edilən gənc əməkdaşlarla görüş keçirilib

DGK-da xidmətə yeni qəbul edilən gənc əməkdaşlarla görüş keçirilib
# 04 may 2018 17:34 (UTC +04:00)

Dövlət Gömrük Komitəsində test imtahanlarından uğurla keçərək xidmətə qəbul edilən gənc əməkdaşlarla görüş keçirilib.

DGK Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, görüşdə DGK Kadrlar İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Şahbazov imtahan prosesi, imtahanda əldə olunan nəticələr və xidmətə qəbul edilən əməkdaşlar barədə məlumat verib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev xidmətə yeni qəbul edilən əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində gömrük orqanları ölkəmizin ən mühüm dövlət təsisatlarından biri kimi formalaşıb. Ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan davamlı iqtisadi inkişaf strategiyasına uyğun olaraq, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidməti hazırda ölkənin ən dinamik inkişaf edən qurumlarından biridir.

Qeyd edilib ki, 26 il əvvəl yaranmasına baxmayaraq, beynəlxalq gömrük ailəsində özünə layiqli yer tutan, fəaliyyəti nəinki regional, hətta beynəlxalq səviyyədə təqdirlə qarşılanan Azərbaycan Gömrük Xidmətinin uğurlarının ən başlıca səbəblərindən biri də ixtisaslı gənc kadrların seçilməsi, kadr siyasətinin günün tələbləri səviyyəsində qurulmasıdır.

S. Mehdiyev onu da bildirib ki, dövlət başçısının bütün sahələrdə olduğu kimi, gömrük orqanlarında həyata keçirdiyi mütərəqqi islahatlardan biri də savadlı və bacarıqlı gənc kadrların işlə təmin olunması, onların potensialından maksimum dərəcədə istifadə edilməsidir. Prezident İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan gömrük orqanlarının kadrların seçilməsi prosesində daim şəffaflığa xüsusi önəm verdiyini diqqətə çatdıran Komitə sədri, xidmətə qəbul edilən yeni əməkdaşların göstərilən etimadı doğruldacaqlarına, müstəqil dövlətimizə daim sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində test imtahanlarından uğurla keçən 82 nəfər gənc mütəxəssis gömrük orqanlarında xidmət etmək hüququ qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR