Ukraynanın nüfuzlu elmi jurnalında Səməd bəy Mehmandarov haqqında məqalə dərc edilib

Ukraynanın nüfuzlu elmi jurnalında Səməd bəy Mehmandarov haqqında məqalə dərc edilib
# 04 iyun 2018 10:31 (UTC +04:00)

Ukraynanın nüfuzlu “Dövlət və hüquq” jurnalının növbəti nömrəsində (№79, 2018) azərbaycanlı tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin baş elmi işçisi Eldar Əmirovun geniş məqaləsi dərc olunub.

APA-nın xəbərinə görə, “İmperiyanın və respublikanın bayraqları altında: general Səməd bəy Mehmandarovun şəxsiyyəti və irsi” adlı məqalə görkəmli hərbi xadim, Rusiya imperator ordusunun generalı, Rus-yapon və I Dünya Müharibələrinin qəhrəmanı, Azərbaycan Demokratik Respublikasının müdafiə naziri Səməd bəy Mehmandarovun (1855-1931) fəaliyyətindən bəhs edir.

Azərbaycan Demokratik Respublikasının elan olunmasının 100 illiyinə ithaf olunan məqalədə Mehmandarovun rus ordusu tərkibində keçdiyi şərəfli xidmət oluna nəzər salınmış, onun hərbi zəkasının məhsulu olan parlaq döyüş əməliyyatlarından, həmçinin azərbaycanlı generalın təltif edildiyi yüksək orden və mükafatlardan söhbət açılıb.

Məqalənin ikinci hissəsində Mehmandarovun müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Demokratik Respublikasının (1918-1920) müdafiə naziri vəzifəsindəki əzmkar və məhsuldar hərbi quruculuq fəaliyyətindən bəhs olunur. Görkəmli sərkərdənin qısa zaman kəsiyində döyüş qabiliyyətli ordu yaratması, bu prosesin gedişində nümayiş etdirdiyi prinsipiallıq və güzəştsiz mövqe onun müasirlərinin etirafları, həmçinin o dövrün mətbuat materialları əsasında oxucunun diqqətinə çatdırılır. Məqalədə xüsusilə qabardılan məsələlərdən biri də Mehmandarovun rəhbərliyi altında Azərbaycan ordusunun Lənkəranda və Muğanda menşeviklərə qarşı, həmçinin Muğan Sovet Respublikasına qarşı, eyni zamanda Qarabağ və Zəngəzurda erməni silahlı dəstələrinə, həmçinin nizami erməni ordusuna qarşı apardığı uğurlu hərbi əməliyyatlardır. Bu əməliyyatların gedişində Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi rəşadət istər yerli, istərsə də əcnəbi mənbələrin məlumatları əsasında təqdim olunub.

Məqalədə gətirilən faktlar generalın istər rus, istərsə də Azərbaycan ordusunun sıralarında xidmət etdiyi dövrlərdə ordu quruculuğu və idarəçiliyi məsələlərində nə qədər prinsipial mövqedən çıxış etdiyini açıq-aydın görməyə imkan verir. Rusiya komandanlığının dinc, silahsız şəxslərə qarşı atəş açmaq əmrini yerinə yetirməkdən boyun qaçıran general Azərbaycan ordusunda xidmət etdiyi müddətdə də silahlı qüvvələri şəxsi qazanc mənbəyinə, həmçinin siyasi çəkişmələrin alətinə çevirməyə çalışan dairələrə də inadla müqavimət göstərib. Məqalənin yazılmasında dövrün diplomatik sənədlərindən, mətbuat məlumatlarından, həmçinin azərbaycanlı və rus tədqiqatçılarının əsərlərindən geniş istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR