Bakıda binalara bomba qoyması barədə polisə yalan məlumat verən şəxsə hökm oxunub

Bakıda binalara bomba qoyması barədə polisə yalan məlumat verən şəxsə hökm oxunub
# 25 sentyabr 2017 10:30 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, K. Mikayılovun cinayət işinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

Prokuror K. Mikayılovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

K. Mikayılovun vəkili çıxışında onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Sonra K. Mikayılov son söz deyib. O, son sözündə polisə zəng edərkən sərxoş olduğunu deyib və peşmançılığını bildirib.

Məhkəmənin hökmünə əsasən, K. Mikayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın zirzəmisinə "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.

Həbs edilən K. Mikayılova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR