Bakıda yelkənli qayıq yarışı keçiriləcək

Bakıda yelkənli qayıq yarışı keçiriləcək
# 04 may 2018 14:07 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) keçiriləcək.

Yelkənli İdman Federasiyasından APA-ya verilən məlumata görə, ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi reqatada idmançılar dörd sinif ( “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə yarışacaqlar.

Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.

Dənizkənarı Milli Parkda keçiriləcək yarış çərçivəsində müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunacaq.

Bundan başqa, açıq havada sərgi təşkil ediləcək. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olacaqlar. Həmçinin, yarış boyunca qayıqların sahildə nümayişi də nəzərdə tutulub.

Saat 11:00-dən 18:00-dək davam edəcək reqataya hər kəs dəvətlidir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” QSC bu il 160 illik yubileyini qeyd edir. Yubiley ili çərçivəsində bir neçə silsilə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yarışı (“Baku Sailing Regatta-2018”) həmin tədbirlərin birincisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR