Azərbaycan və Qətər işçi qüvvəsinin əmək fəaliyyətinin tənzimlənməsi haqqında saziş imzalayacaq

Azərbaycan və Qətər işçi qüvvəsinin əmək fəaliyyətinin tənzimlənməsi haqqında saziş imzalayacaq
# 22 noyabr 2016 13:39 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qətərin ölkəmizdəki səfiri Yusif bin Həsən Yusif əl-Saai ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov Azərbaycan ilə Qətər dövləti arasında dost münasibətlərinin mövcud olduğunu, iki ölkə arasında əlaqələrin daim gücləndiyini bildirib.

Nazir ölkədə əhalinin rifahına yönələn mühüm sosial proqramların uğurla davam etdirildiyini, sosial cəhətdən həssas qrupların sosial müdafiə sistemi ilə əhatə edildiklərini diqqətə çatdırıb: “Təkcə bu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin sayı daha 0,8% artaraq oktyabrın 1-i vəziyyətinə 9784,6 min nəfərə çatıb. Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını da iki dəfəyə yaxın üstələyib. Muzdla çalışanların orta aylıq əmək haqqı isə 2003-2015-ci illərdə 5,6 dəfədən çox, bu ilin 9 ayında 6,4% artıb”.

Nazir Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılan avtomatlaşdırılmış sistemlər barədə də səfiri məlumatlandırıb. S.Müslümov digər bir çox islam ölkələri kimi, Qətər ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib: “Əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransında irəli sürülən İƏT-in Bakıda Əmək mərkəzinin yaradılması barədə irəli sürdüyü təklif artıq reallığa çevrilir. Bu təklif təşkilata üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Həmin ölkələrin əmək nazirlərinin ötən ilin oktyabr ayında İndoneziyada keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnamə layihəsi bəyənilib. İƏT Xarici İşlər Nazirləri Şurasının cari ilin oktyabr ayında keçirilmiş 43-cü sessiyasında bu nizamnamə artıq təsdiq edilib. İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması təşkilata üzv dövlətlər, o cümlədən Azərbaycanla Qətər dövləti arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın daha sistemli şəkildə təşkil olunmaqla genişlənməsinə şərait yaradacaq”.

S.Müslümov eyni zamanda iki ölkənin hökumətləri arasında işçi qüvvəsinin əmək fəaliyyətinin tənzimlənməsi haqqında sazişin hazırlanması barədə Qətər dövlətinin təklifinin məqsədəuyğun olduğunu bildirib. Vurğulanıb ki, həmin saziş çərçivəsində Qətər dövlətindən yerli əmək bazarında bir sıra sahələrdə tələb olunan ixtisaslar üzrə mütəxəssislərin Azərbaycana, həmçinin Qətər dövlətində 2022-ci ildə təşkil olunacaq futbol üzrə dünya çempionatına hazırlıqla bağlı geniş həcmdə görülən işlərə Azərbaycandan da əmək resursları cəlb oluna bilər.

Ölkəsinin Azərbaycana daim dost münasibəti göstərdiyini qeyd edən Yusif bin Həsən Yusif əl-Saai Azərbaycanın uğurlu inkişafından, o cümlədən respublikada əhalinin rifahına xidmət edən səmərəli islahatların aparılmasından məmnun olduqlarını diqqətə çatdırıb. Səfir İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. O, ölkələrimizin digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığına töhfə vermək əzmi ilə səylər göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR