"Yapı Kredi Azərbaycan"ın rəhbəri: "Volatilliyin azalacağına ümid edirik"

"Yapı Kredi Azərbaycan"ın rəhbəri: "Volatilliyin azalacağına ümid edirik"
# 09 yanvar 2017 07:56 (UTC +04:00)

"2017-ci ilin bank sektoru da daxil olmaqla, bütün sahələrdə volatilliyin azalacağı və daha məhsuldar il olacağına ümid edirik". "APA-Economics" xəbər verir ki, bunu "Yapı Kredi" bankının baş icraçı direktoru Faik Açıkalın deyib.

Onun fikrincə, ötən il inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətinin genişləndirməsinin nəticəsi olaraq aşağı faiz mühiti və ABŞ Mərkəzi Bankının (FED) 2016-cı ildə faiz artımı məsələsində aqressiv davranmaması Türkiyə də daxil olmaqla inkişaf etməkdə olan ölkələrə pul axınına səbəb olub.

Kapitalın effektiv istifadəsinin mühüm olduğunu deyən F. Açıkalın bildirib ki, banklar sabit mənfəəti təmin etməli, aktivlərin keyfiyyəti və xərclərin idarə olunmasına daha diqqətlə yanaşmalıdır: "Bundan başqa, banklar 2016-cı ildə əldə etdikləri gəlirlərin davamlı olması üçün mütləq sağlam kreditləşməyə önəm verməli, aktivlərin keyfiyyətinin və maliyyələşdirilməsinin qorunması mənbələrini şaxələndirməlidir".

F. Açıkalın gələcəkdə milli və xarici valyutaların məzənnəsi məsələsinə də toxunub. O hesab edir ki, məzənnə qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, Mərkəzi Bankın atdığı addımlar və həyata keçirilən islahatlara görə müəyyən olunacaq: "Qlobal qeyri-müəyyənliklərin davam etməsi və FED-in bundan sonrakı addımlarında daha aqressiv olması kimi səbəblərin təsiri ilə lirənin dəyərdən düşməsi və Türkiyə Mərkəzi Bankının faiz artımını davam etdirməsi şəraitində maliyyə xərcləri və dolayısı ilə faizlərin bir qədər yüksəlməsinin şahidi ola bilərik".

Qeyd edək ki, F. Açıkalın "Yapı Kredi" bankının Azərbaycandakı törəməsi olan "Yapı Kredi Bankı Azərbaycan" QSC-nin Müşahidə Şurasının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR