ETSN: Qubadakı qonur ayı təbiətə buraxılacaq

ETSN: Qubadakı qonur ayı təbiətə buraxılacaq
# 27 fevral 2019 12:51 (UTC +04:00)

Qubada fərdi təsərrüfatlardan birində adı Azərbaycanın “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən tədbirlər görülür.

ONA-nın xəbərinə görə, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq.

Onun sözlərinə görə, əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə, o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

İ. İbrahimova qeyd edib ki, qonur ayını saxlayan qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq: “Belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur. Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”inə müraciət etmələri xahiş olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR