IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılması gözlənilir

IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılması gözlənilir
# 19 dekabr 2016 13:59 (UTC +04:00)

Gələn ildən IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılması nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Hazırda XI sinif üzrə buraxılış imtahanlarından birinin xarici dildən olduğunu deyən M. Abbaszadə gələn ildən IX sinifdə xarici dildən buraxılış imtahanlarının olacağını istisna etməyib.

Onun sözlərinə görə, bu il IX sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və Riyaziyyatdan imtahan verəcəklər: “Ola bilsin ki, gələn ildən IX sinifdə imtahanlara üçüncü fənn kimi xarici dil əlavə olunacaq. Bununla bağlı biz bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək”.

M.Abbaszadə Azərbaycanda kurrikulumla təhsil alan şagirdlər üçün iki ildən sonra vahid imtahanların tətbiqinə də aydınlıq gətirib. M.Abbaszadə vurğulayıb ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır və bundan asılı olaraq konkret fikir bildirmək olar.

Direktorlar Şurasının sədri əlavə edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin fevralın sonu-martın əvvəlində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ilk imtahan Bakıda təşkil olunacaq və bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda da keçiriləcək: “Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanlarının 3 həftə ərzində, martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Mayın əvvəlində birinci mərhələnin nəticələri elan olunacaq. Buraxılış imtahanlarının II mərhələsi isə orta məktəblərdə dərslər başa çatdıqdan sonra, iyun ayında olacaq. İyunun 15-dən sonra yenidən dörd istiqamət üzrə ikinci mərhələnin imtahanları olacaq. İkinci mərhələdə qapalı test imtahanı olacaq. Bu imtahanın nəticələri 3-4 gün ərzində yoxlanılaraq şagirdlərə göndəriləcək”.

M. Abbaszadə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında heç bir dəyişiklik olmayacağını deyib. Onun sözlərinə görə, XI sinif məzunları üçün buraxılış imtahanları iyun ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR