Bakıda Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir

Bakıda Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir
# 31 may 2018 08:58 (UTC +04:00)

Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı başlayıb.

APA-nın xəbərinə görə, konfransın açılış mərasimində bildirilib ki, Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunub.

Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli deyib ki, konfransın Bakıda keçirilməsi Azərbaycan səhiyyəsinin inkişafına böyük töhfə verəcək.

Konfransın iki gün davam edəcəyini vurğulayan N. Səfərli qeyd edib ki, Azərbaycan Tibb Assosiasiyası 2000-ci ildən Avropa Tibb Assosiasiyaları Forumunun və 2002-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvüdür: "Yarandığı gündən assosiasiya ölkəmizdə təbabətin inkişaf etdirilməsində və keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edir. Qeyd etməliyəm ki, konfransda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri ideya və təcrübələrini bölüşəcəklər".

Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner bildirib ki, konfransda tibb sahəsində aparılan beynəlxalq islahatlar və qazanılan təcrübələr müzakirə olunacaq: "Müzakirə olunacaq mövzular Azərbaycan səhiyyəsi üçün vacibdir".

Milli Məclisin deputatı, Azərbaycan Tibb Assosiasiyanın Rəyasət heyətinin sədri Rəşad Mahmudov konfransda Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Tibb Assosiasiyanın nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb.

R. Mahmudov qeyd edib ki, Azərbaycanın bir neçə şəhərində icbari tibbi sığorta tətbiq olunur və artıq müsbət nəticələr əldə olunmaqdadır: "Əhalinin sağlamlığının qorunmasında ən vacib məsələlərdən biri olan icbari tibbi sığortanın tətbiqi Azərbaycan dövlətinin diqqətindədir".

Konfransın açılış mərasiminin sonunda anadangəlmə ürək qüsurlu uşaqların gələcək müalicəsinə həsr olunan Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyanın hazırladığı " Ürəklər Susmasın" adçı qısametrajlı sosial çarx nümayiş olunub.

Konfrans müzakirələrlə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR