“ATƏT-in Minsk Qrupu: iflasa uğramış vasitəçilik missiyası” mövzusunda dəyirmi masa keçirilib

“ATƏT-in Minsk Qrupu: iflasa uğramış vasitəçilik missiyası” mövzusunda dəyirmi masa keçirilib
# 18 mart 2015 09:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “ATƏT-in Minsk Qrupu: iflasa uğramış vasitəçilik missiyası” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, cəmiyyətdə ATƏT-in Minsk Qrupunun başqa formatda təşkil olunmasının daha səmərəli olacağına dair fikirlər var: “Azərbaycan cəmiyyətini bir həqiqətə alışdırmaq lazımdır ki, Minsk Qrupu hansı formatda formalaşsa belə, beynəlxalq aləmin Azərbaycanın xeyrinə iş görməsi düşünülmür. Biz özümüz bir iş görməyəndə, Minsk Qrupunun fəaliyyətini tənqid edirik. ABŞ qondarma rejimə pul ayırır. Onlar üçün fürsət düşüb ki, bu neytral zonada hansısa təsir imkanlarına malik olsunlar. Azərbaycan cəmiyyəti yalnız ordu quruculuğu prosesinə önəm verməlidir. Ordunu hamı üçün bərabər hüquq olan məkana çevirmək lazımdır”.

Politoloq Mübariz Əhmədoğlu deyib ki, istənilən halda Qarabağ münaqişəsinin dinc yolla həllinə imkan verilməyəcək və yeganə variant müharibədir.

QAT sədri Akif Nağı isə qeyd edib ki, martın 24-də ATƏT-in Minsk Qrupunun 23 yaşı tamam olsa da, bu qrup yarandığı gündən Dağlıq Qarabağda olan bir ovuc erməninin hüquqlarını genişləndirməyi qarşısına məqsəd qoyub: “Bu münaqişə yalnız hərbi yolla həll oluna bilər. Minsk Qrupunun prinsipləri yanlış olduğu üçün, konkret ermənipərəst mövqe tutduğu üçün buraxılmalıdır. Münaqişənin həlli yolu ilə bağlı ümumxalq referendumu keçirilməlidir”.

Politoloq Elman Nəsirov da münaqişənin dinc yolla həllinin qeyri-real olduğunu vurğulayıb: “Fikir verin, Dağlıq Qarabağda olan qondarma rejimin həmsədr ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Belə olan halda biz Minsk Qrupuna necə etibar edə bilərik?”

Sonda tədbir iştirakçıları adından Azərbaycan prezidentinə, Milli Məclisə və Xarici İşlər Nazirliyinə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR