Azərbaycanda adi və milli statuslu universitetlər müəyyənləşdirilərkən TQDK-nın statistik məlumatları nəzərə alınacaq

Azərbaycanda adi və milli statuslu universitetlər müəyyənləşdirilərkən TQDK-nın statistik məlumatları nəzərə alınacaq
# 16 dekabr 2013 11:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda bütün ali təhsil ocaqlarının iki qrupa bölünərək adi və milli statusun verilməsi və onlara qəbulun hansı formada aparılması ilə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında birgə müzakirə aparılıb.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ bu gün də təhsil naziri Mikayıl Cabbarovla müzakirə edilib. Hər il qəbul başa çatandan sonra ali məktəblərin hər bir ixtisas üzrə formalaşan keçid balının ictimaiyyətə təqdim olunduğunu deyən TQDK sədri bunları açıqlayıb: “Məsələn, “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən regional universitetlərdə də aparılır. Ancaq həmin ixtisasa keçid balı universitetlər üzrə fərqlidir. Bu ballar da artıq universitetlərə olan tələbatın göstəricisidir və bizə universitetlərin potensialın necə formalaşması barədə fikir söyləməyə imkan verir”.

M.Abbaszadə qeyd edib ki, ali məktəblərin göstəriciləri komissiya tərəfindən Təhsil Nazirliyinə təqdim olunacaq: “Təbii ki, onlar ali və milli statuslu universitetləri müəyyənləşdirəndə komissiyanın Təhsil Nazirliyinə təqdim etdiyi statistik məlumatları nəzərə alacaqlar”.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında çıxışında deyib ki, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitinə, elmi-pedaqoji heyətinin potensialına görə bütün ali ocaqları - istər dövlət, istər özəl - iki qrupa bölünməlidir: “Onlar adi və milli statuslu universitetlər olmalıdır. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməlidir. Eyni zamanda, buraya qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalıdır. Eyni zamanda, ödənişli əsaslarla qəbul planı da tədricən ləğv olunmalıdır. Bu baş verdikdə biz yüksək reytinqli məktəbləri orada oxuya bilən bilikli tələbə kontingenti ilə təmin edə biləcəyik. Digər tərəfdən, ancaq tələb olunan balı toplamadığı üçün xaricə təhsil almağa üz tutmağa ehtiyac qalmayacaq. Ali təhsil almaq istəyən və minimal tələbələrə cavab verən hər bir şəxs təhsilini vətənində adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Qəbul göstəricilərindən asılı olaraq, ali məktəblər bir kateqoriyadan digərinə keçə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR