Azərbaycan xarici işlər nazirinin müavini Xorvatiyanın xarici və Avropa işləri üzrə nazir müavinini qəbul edib

Azərbaycan xarici işlər nazirinin müavini Xorvatiyanın xarici və Avropa işləri üzrə nazir müavinini qəbul edib
# 07 fevral 2013 06:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xorvatiyanın xarici və Avropa işləri üzrə nazir müavini Yoşko Klisoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən və inkişaf dinamikasından məmnunluq ifadə ediblər.

Nazir müavini Xələf Xələfov Azərbaycan və Xorvatiya arasında siyasi dialoqun yüksək səviyyədə olmasının digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaratdığını bildirib. Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya nəzərdə tutulan səfərinin yüksək əhəmiyyəti vurğulanaraq, bu səfərin iki ölkə arasında münasibətlərin yeni səviyyədə inkişafına təkan verəcəyi qeyd olunub. Tərəflər səfərə hazırlıq işləri və gündəlikdə olan layihələr ətrafında geniş fikir mübadiləsi aparıblar.

X.Xələfov maşınqayırma, gəmiqayırma, telekommunikasiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu söyləyib. O, Ermənistan-Azərbaycan münaqişəsi haqda qonağa ətraflı məlumat verərək, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə maneə və region üçün təhdid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Son zamanlar Ermənistanın Xocalı hava limanının açılması ilə bağlı təxribat xarakterli addımları və bəyanatlarına toxunan nazir müavini beynəlxalq birliyin, xüsusilə də Avropa İttifaqının Ermənistana təzyiqlərinin artırılmasının zəruri olduğunu vurğulayıb.

Xorvatiyalı rəsmi ölkəsinin Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini bildirib və ölkəmizlə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın vəziyyətini anlayışla qəbul etdiklərini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR