Cübbəli Əhməd xoca: “Millətə elm verilməyib, millət cahil qalıb” - MÜSAHİBƏ

Cübbəli Əhməd xoca: “Millətə elm verilməyib, millət cahil qalıb” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 yanvar 2014 08:58 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə ictimaiyyətinin Cübbəli Əhməd Xoca kimi tanıdığı Mahmud Əhməd Ünlünün APA-ya müsahibəsi

- Türkiyədə dini azadlıqların fəaliyyət sahəsinin getdikcə genişləndiyini söyləmək olarmı?

- Ümumi azadlıqların sahəsi genişləndiyinə görə dini azadlıqlar da ona paralel şəkildə artır. Yoxsa dinə aid xüsusi bir sahənin genişlənməsindən söhbət getmir. Azadlıq ümumilikdə genişlənir, belə olanda din sahəsindəki sərbəstliyin də artdığını görə bilirik.

- On il əvvəlki dövrlə müqayisə indi Türkiyənin dini azadlıqlar baxımından daha çox azad ölkə olduğunu deyə bilərsinizmi?

- Biz islama görə qəbul edilən şeylərin, təbii ki, sərbəst olmasını istəyirik. İslama görə caiz olmayan şeylərin, təbii ki, sərbəst olmasını istəmərik. Biz dinimiz əsasında hərəkət edirik, amma təbii ki, hal-hazırda cəmiyyətdə dini üsuli-idarə olmadığına görə, biz dinə görə hərəkət etməyənlərin haqqında hökm verə bilmərik. Biz deyirik ki, Allahın sərbəst etdiyi şeylər, təbii ki, sərbəst olsun. Bu baxımdan 10 il əvvələ görə xeyli fərq var.

- Orta Şərqdə cərəyan edən proseslərlə bağlı fərqli iddialar var, bölgənin sünni-şiə savaşına doğru sürüklənmək istəndiyinə dair iddiaları necə dəyərləndirirsiniz?

- Orta Şərqdəki proseslər məni narahat edir. Mənə də elə gəlir ki, Allah göstərməsin, bir sünni-şiə savaşı yaratmaq istəyirlər. Oyaq olmağımız lazımdır. Şiələr də müsəlmandır. Heç qardaşı qardaşa qırdırmaq olarmı? Ona görə də sünnilərlə şiələrin savaşmamaları üçün ortaq nöqtələri ön plana çıxarmaq, ixtilaflı nöqtələr barədə heç danışmamaq lazımdır. İstər içəridə, istərsə də qıraqda savaşa yol verməmək üçün əlimizdən gələni etməliyik.

- Sizcə, bunlar imperializmin planlarıdır?

- Bəli, imperializmin planlarıdır.

- Bəs müsəlmanlar bu planlara niyə alət olur?

- Cahillik var. Yəni, şiə şiəliyi bilmir, sünni sünniliyi bilmir. Elmi də yoxdur, məzhəbini də bilmir. Bilməyən adamları isə istədiyin tərəfə apara bilərsən. Cahillərlə iş olarmı? Millətə elm verilməyib, millət cahil qalıb. Ona görə də savaş üçün material var. Hər şeydən əvvəl, elmi diriltməliyik. Hər kəs məzhəbini düzgün öyrənməlidir. Onda elmi bilən insanlar bütün iddialara elmi cavablar verərlər. Niyə bir-birləriylə vuruşurlar, qovğa edilər? Hamısı cahillikdəndir.

- Siz özünüzü elmi mübarizə verənlərin sırasında görürsünüzmü?

- Əlbəttə. Mən də illərdən bəri mübarizənin içindəyəm, mənim də qəbul etmədiyim fikirlər var, amma mən deyirəm ki, bir-birimizi təhqir etməyək, başqa işləri bu məsələlərə qarışdırmayaq, sadəcə elmi üslubda danışaq, beldən aşağı vurmayaq, təhqir etməyək. Bunu deyirik. Sən mənə bir cavab ver, mən də sənə bir cavab verim. Hamı müzakirə etməkdə sərbəstdir. Ancaq təəssüf ki, elmi səviyyəsi olmayanlar qovğa-gurultu yaratmaq istəyir. Mən əlimdən gələn hər şeyi edirəm, ancaq qarşı tərəfdən də eyni ciddi-cəhdi gözləyirəm.

- Məsələn, kimlərdən?

- Şiə olanlardan da, bu işlərin içində gündəlik olmayanlardan da. Əgər insanlara xidmət etmək istəyirlərsə, insanları elmi zəmində müzakirəyə dəvət etsinlər. Milləti səhv istiqamətlərə çəkməsinlər. Mən hər yerdə islamın elmini dayaq nöqtəsi kimi göstərirəm: Quran, hədis. Bunları bilmədən dini anlaya bilməzsiniz.

- Sayı getdikcə artan dinləyici kütlənizin olduğunu görürük. Bu, sizə necə təsir edir?

- Allah üçün buraya gələnlərin sayının artması məni məmnun edir, Allah saylarını daha da artırsın. Bu sevgi mənim üçün yox, Allah üçündür.

- Azərbaycana nə sözünüz var?

- Çox salam göndərirəm. Bir an əvvəl qardaş Azərbaycana getmək istəyirəm. Orada da övliyalar, qəbirlər, ziyarət yerləri olduğunu eşitmişəm. İnşallah, ən qısa zamanda Azərbaycanı ziyarət edəcəyəm.

- Torpaqlarımızın 20%-i uzun müddətdən bəri erməni işğalı altındadır. Burda hamı sizə dua etdirir. Bizim torpaqlarımızın da işğaldan azad edilməsi üçün dua edərsinizmi?

- Allah qardaş ölkənin torpaqlarını bir an əvvəl erməni işğalından azad etsin. Qardaş Azərbaycan xalqına Allah hər sahədə azadlıq versin. Allah-taala 1 milyon qaçqını yer-yurdlarına sağ-salamat qaytarsın.

Qeyd: Müsahibənin alındığı yerdə Cübbəli Əhməd xoca öz tərəfdarları üçün 6 saatda təxminən 3 min kitabını imzaladı. Qadınlarla kişilərin arasına hündür arakəsmə çəkilmişdi, Cübbəli Əhməd xoca qadınlara kitab imzalayarkən foto çəkilməsinə icazə vermədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR