“Sovetski”nin 4 sakininə sutkalıq həbs cəzaları verilib

“Sovetski”nin 4 sakininə sutkalıq həbs cəzaları verilib
# 05 mart 2014 13:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Martın 3-də 173 saylı orta məktəbin qarşısında icazəsiz toplaşan Bakının “Sovetski” məhəlləsinin sakinlərindən 7 nəfər saxlanılıb.

“Sovetski” məhəlləsinin sakinlərinin yaratdıqları Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, Təşkilat Komitəsinin üzvləri Yasamal Rayon İcra Hakimiyyətinin binasında keçirilən görüş zamanı daxili işlər nazirinin müavini Oruc Zalovdan saxlanılan gənclərin azad edilməsini xahiş ediblər.

Saxlanılan gənclərdən 3-ü həmin gün axşam sərbəst buraxılıb. Onlardan 4-nə- Elxan Əliyev və Hikmət Əliyevə 30 sutka, Mirislam və Rəşad adlı gənclərə isə 15 sutka həbs cəzası verilib. Təşkilat Komitəsinin üzvləri Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovdan həmin gənclərin də azadlığa buraxılmasını xahiş ediblər.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazı olduqları üçün hökumətlə danışıqlar aparmaq üçün Təşkilat Komitəsi yaradıblar. Martın 3-də Yasamal Rayon İcra Hakimiyyətinin binasında baş nazirin müavini Abid Şərifov, daxili işlər nazirinin müavini Oruc Zalov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov sakinlərin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüş keçiriblər. Həmin gün “Sovetski” məhəlləsinin bir qrup sakini Yasamaldakı 173 saylı orta məktəbin qarşısında toplaşıb. Polis sakinləri ərazidən uzaqlaşdırıb. Aksiya zamanı 7 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR