Əli Həsənov: "Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində iki müqavilə imzalanıb"

Əli Həsənov: "Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində iki müqavilə imzalanıb"
# 06 iyun 2013 20:10 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanı forumda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Əli Həsənov AzərTAc-a müsahibəsində qeyd edib ki, forum çərçivəsində artıq iki müqavilə imzalanıb. Bunlardan biri Rusiya hökuməti ilə Azərbaycan hökuməti arasında Rusiya və Azərbaycan enerji sisteminin paralelləşdirilməsi və bu sahədə əməkdaşlıq haqqında sənəddir. Saziş Rusiyanın Enerji Nazirliyi ilə Azərbaycan Energetika və Sənaye Nazirliyi arasında imzalanıb.

“Düşünürəm ki, bu saziş, forumun nəticəsi olaraq, çox ciddi bir sənəddir və gələcəkdə Cənubi Qafqazda, o cümlədən Xəzər-Qara dəniz hövzəsində enerji sistemlərinin paralelləşdirilməsi və birgə fəaliyyətin təşkili sahəsində mühüm əhəmiyyəti olacaq”, deyə Əli Həsənov vurğulayıb.

İkinci saziş Volqoqrad hökuməti ilə imzalanıb və Volqoqrad vilayəti ilə Azərbaycan arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı kompleks məsələləri əhatə edir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib ki, Rusiyanın regionları geniş iqtisadi, siyasi, sosial və mədəni potensiala malikdirlər. Onun sözlərinə görə, bu regionlarda çoxsaylı Azərbaycan diasporu yaşayır. Əli Həsənov qeyd edib ki, Azərbaycan hökuməti bu regionların iqtisadi və sosial potensialında maraqlıdır: “Bu baxımdan Azərbaycan və Volqoqrad hökumətləri arasında imzalanan saziş Rusiyanın regionları ilə münasibətlər sahəsində fəaliyyətimizə tam cavab verir, həm Rusiyanın regionlarının, həm də Azərbaycanın maraqlarına uyğun gəlir. Bundan əvvəl biz Rusiyanın digər federal subyektləri ilə də belə sazişlər imzalamışıq”.

Qeyd edək ki, forumun yekunu olaraq, Rusiya Prezidenti Administrasiyası ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası arasında gələcək əməkdaşlığa dair birgə bəyanat imzalanacaq. Əli Həsənov bildirib ki, gələcəkdə belə forumlar Rusiyanın digər regionları ilə də keçiriləcək.

Builki forumda yenilik tətbiq edilib. Belə ki, forumun panellərindən birində Rusiya və Azərbaycan gənclər təşkilatlarının bir qrup fəalı iki ölkə gəncləri arasında əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaq. Digər panellər regionlararası əməkdaşlıq, sosial, Xəzər hövzəsinin birgə istifadəsi və başqa mövzulara həsr ediləcək.

“Düşünürəm ki, bu görüşlər iki ölkə arasında münasibətlərin Rusiya prezidenti Vladimir Putin və Azərbaycan rrezidenti İlham Əliyevin müəyyən etdikləri kursa müvafiq olaraq davam etdirilməsinə xidmət edəcək. Forum öz işini davam etdirir. Tədbirdə Azərbaycandan 70 nəfər, Rusiyadan isə 170 nəfər iştirak edir. Bundan əlavə, Volqoqrad vilayətindən və Rusiyanın digər bölgələrindən Azərbaycan diasporunun nümayəndələri də forumda təmsil olunur. Forumun nəticəsi olaraq biz Rusiya-Azərbaycan münasibətlərinin 2014-cü il üçün regionlararası və sosial-iqtisadi perspektivlərini müəyyən edəcəyik”, deyə Ə.Həsənov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR