Bakıda Azərbaycan və İtaliya sahibkarlarının görüşü keçirilib - FOTO

Bakıda Azərbaycan və İtaliya sahibkarlarının görüşü keçirilib - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə azərbaycanlı sahibkarlarla italiyalı iş adamları arasında görüş keçirilib.


«APA-Economics»in məlumatına görə, görüşdə əsasən tikinti, inşaat, mebel, topdan və pərakəndə satış, turizm və sənaye sektorlarında fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edib.


ASK prezidenti Məmməd Musayev bildirib ki, İtaliyanın məşhur «MADE S.p.A» şirkətinin əməkdaşları ilə Azərbaycan sahibkarlarının bugünkü görüşü iki ölkənin qarşılıqlı işgüzar əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edir.


Onun sözlərinə görə, «MADE S.p.A» şirkətinin mülki, sənaye və kommersiya obyektlərinin tikintisində 40 ildən artıq təcrübəsi var: «Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 10 mlrd. dolları keçib. «MADE S.p.A» şirkəti binaların, o cümlədən memarlıq özəlliyi olan abidələrin bərpası, yenidən qurulması, habelə yolların, avtomagistralların salınması üzrə dünyada tanınıb».


Tədbirdə iştirak edən «Made Florence» şirkətinin baş direktoru və prezidenti Cuzeppe Massaskupa bildirib ki, onlar uzun müddətdir ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirlər: «Biz Azərbaycan bazarına rəqib olmaq üçün gəlmirik. Burada özümüzə dost və tərəfdaş axtarmağa gəlirik».


Şirkət rəhbəri bildirib ki, Florensiya şəhərini təmsil edən şirkət bu il ərzində Azərbaycanda özünün nümayəndəliyini açmaq niyyətindədir.


Tədbir çərçivəsində ASK-nın nəzdində fəaliyyət göstərən «ASK Biznes Konsaltinq» MMC-nin təqdimatı keçirilib. Şirkət haqqında italiyalı qonaqlara geniş məlumat verilib. Bildirilib ki, italiyalı iş adamları ilə bu gün təşkil olunan bu görüş də «ASK Biznes Konsaltinq»lə bağladığı əməkdaşlıq müqaviləsinin bir hissəsidir.


Tədbirdə həmçinin «Beghelli Group» şirkətinin təqdimatı keçirilib. Tədbir iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR