Prezident İlham Əliyev: “Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcək”

Prezident İlham Əliyev: “Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcək”
# 19 oktyabr 2013 21:45 (UTC +04:00)

Bakı-APA. “Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilmiş inauqurasiya mərasimində nitqində bəyan edib. Prezident qeyd edib ki, bu illər ərzində münaqişənin öz həllini tapmamasının başlıca səbəbi Ermənistanın riyakar siyasəti, qeyri-konstruktiv mövqeyi və beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir: “Beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi”.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı, Azərbaycanın ayrılmaz hissəsidir: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulub. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcək. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir”.

Prezident İlham Əliyev qeyd edib ki, son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul edib: “Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar var. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcək. Çünki bir halda, bilavasitə bu qətnamələr münaqişənin həllinə gətirib çıxarmır, eyni zamanda, biz hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və sadaladığım bu təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bundan sonra da siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik.

Dövlət başçısı Azərbaycanın bu məsələ ilə bağlı diplomatiyasının bundan sonra da hücum diplomatiyası olacağını bəyan edib: “Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılıb”.

Prezident İlham Əliyev Azərbaycanın hərbi büdcəsinin 20 dəfədən çox artığını qeyd edərək ordunun bu gün dünya miqyasında güclü ordular sırasında olduğunu vurğulayıb: “Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasındakı hərbi balansı artıq pozub. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılıb. Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaq”.

Dövlət başçısı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə zərrə qədər də şübhəsi olmadığını bəyan edib: “Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır”.

Dövlət başçısının sözlərinə görə, daha da güclü orduya malik olmaq üçün, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR