Azərbaycan Mərkəzi Bankı (AMB) Türk dövlətlərinin mərkəzi bankları ilə xüsusi tənzimləmə rejimlərinin birgə fəaliyyətinin təmin olunmasını planlaşdırır.
“APA-Economics” xəbər verir ki, bunu AMB sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, AMB Türkiyə, Özbəkistan, Qazaxıstan və regionun digər ölkələrinin mərkəzi bankları ilə sıx əməkdaşlıq edir.
“Yaxın zamanda xüsusi tənzimləmə rejimlərinin birgə fəaliyyətini təmin etməyi düşünürük. Bu da fintex şirkətlərinə öz məhsullarını müxtəlif bazarlarda sınaqdan keçirmək imkanı yaradacaq”, – deyə V. Xəlilov bildirib.
O qeyd edib ki, Türk dövlətlərində fintex sektorunun oxşar inkişaf templəri şirkətlərə bir ölkədə hazırladıqları texnoloji məhsulları digər ölkələrin bazarlarında da tətbiq etmək imkanı yaradır.
AMB sədrinin müavini əlavə edib ki, Azərbaycanda açıq bankçılıq xidmətinə artıq bütün banklar qoşulub və bu istiqamətdə fintex şirkətləri üçün geniş imkanlar mövcuddur.