Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda bu gün yeni beşillik səlahiyyət müddətinə başlayıb.
“APA-Economics” xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilib.
Masato Kanda yeni səlahiyyət müddətində bankın genişləndirilmiş maliyyə imkanlarından istifadə etməklə Asiya və Sakit okean regionunda ölkələrarası əlaqələrin möhkəmləndirilməsinə və ortaq inkişaf məqsədlərinə nail olunmasına dəstək verəcəyini açıqlayıb.
Sentyabrın 1-də ADB-nin Rəhbərlər Şurası tərəfindən yekdilliklə yenidən prezident seçilən Kanda enerji, ticarət və rəqəmsal infrastruktur sahələrində regional əməkdaşlığın genişləndirilməsini prioritet müəyyən edib.
Onun əvvəlki səlahiyyət müddətində ADB-nin inkişaf məqsədli maliyyələşdirməsi 2025-ci ildə rekord həddə – 44 milyard dollara çatıb. Bunun 29,3 milyard dolları bankın öz resursları, 14,7 milyard dolları isə birgə maliyyələşdirmə hesabına təmin edilib.
Bankın 60 illik tarixində ilk dəfə nizamnaməsinə dəyişiklik edilməsi nəticəsində illik maliyyələşdirmə imkanları səhmdarların əlavə kapital qoyuluşu olmadan 50% artırılaraq 36 milyard dollardan yuxarı səviyyəyə çatdırılıb.
ADB 2035-ci ilədək regional elektrik və rəqəmsal şəbəkələrin inkişafı üçün 70 milyard dollar səfərbər etməyi, 2030-cu ilədək isə özəl sektorun kreditləşdirilməsini dörd dəfə artırmağı hədəfləyir. Asian Development Bank
Qeyd edək ki, Masato Kanda 2025-ci il fevralın 24-də ADB-nin 11-ci prezidenti kimi fəaliyyətə başlayıb. O, əvvəllər Yaponiyanın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsində çalışıb.