Avropa Parlamentinin üzvləri Xocalı aeroportunu açmaq istəyən Ermənistanın addımlarından narahatlıqlarını bildiriblər - FOTO

Avropa Parlamentinin üzvləri Xocalı aeroportunu açmaq istəyən Ermənistanın addımlarından narahatlıqlarını bildiriblər - <span style="color: red;">FOTO
# 22 fevral 2013 14:47 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Avropa Parlamentinin Latviyadan olan üzvü İnes Vaildere bildirib ki, Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi şəkildə ziyan vuracaq: “Əvvəla, ermənilərin Xocalı aeroportunu yenidən istismara verməsi təşəbbüsü Dağlıq Qarabağın statusunu dəyişmək iddiası kimi görünə bilər ki, bu da açıq-aydın Madrid prinsiplərinə ziddir. İkincisi, Dağlıq Qarabağla Ermənistan arasında hava nəqliyyatının açılması Azərbaycanın hava məkanına təcavüz kimi görünə bilər və beləliklə də, qarşı tərəfin adekvat reaksiyasına səbəb ola bilər. Buna görə də, Xocalı aeroportunun açılması münaqişənin həlli yolunda təxribat və maneə hesab olunmalıdır ki, bu da qarşılıqlı anlaşmanın yaradılmasını təhlükə altında qoyur. Əvəzində, hər iki tərəf öz ərazisi üzərindəki cari uçuş praktikasına uyğun olan uçuşları yerinə yetirməyə davam etməlidir”.

İ. Vaildere deyib ki, 1992-ci il Xocalı faciəsinin rəmzi olan bu ərazidə əlavə olaraq aeroportun da açılması bütünlüklə regionda gərginliklərin artmasına səbəb ola bilər. Onun sözlərinə görə, Dağlıq Qarabağla Ermənistan arasında hava nəqliyyatının açılması planı artıq Azərbaycan tərəfini də hərəkətə gətirib: “Azərbaycan onun hava məkanına daxil olması gözlənilən təyyarələri vurmaq üçün hazır olduğunu bəyan edib. Hər iki tərəfdən vəziyyəti riskə atacaq istənilən təxribat hərəkətinin edilməsi beynəlxalq ictimaiyyət tərəfindən qınaq hədəfinə çevriləcək. Bundan əlavə, Ermənistan hökumətinin Xocalı aeroportunu yenidən açması bütünlükdə sülh prosesi uğrunda həm Avropa Birliyi, həm də ATƏT-in Minsk Qrupunun səylərinə qarşı hörmətsizlik əlaməti olaraq qəbul ediləcək”.

Deputatın fikrincə, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb edilməsi bu vaxta qədər yetərincə passiv olub: “Avropa Birliyi bu ölkələrin hər biri ilə xüsusi “Fəaliyyət Planı” hazırlamaqla, təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyi vasitəsilə regiondakı münaqişənin həlli üçün daha çox şey edə bilər. Avropa Birliyi üçün münaqişənin həllində yararlı olacaq digər yol da ATƏT-in Minsk Qrupunda Fransanı digəri ilə əvəz etmək olardı. Bu yanaşma regionda əsas rol oynayan Rusiya və ABŞ-ın neytral mövqe tutması ilə eyni zamanda, onların vasitəçilik mövqeyini də təkmilləşdirəcək. Davamlı sülhün bərqərar olunması məqsədilə münaqişənin həllindəki 20 illik durğunluğu aradan qaldırmaq lazımdır ki, minlərlə məcburi köçkün Dağlıq Qarabağa qayıda bilsin”.

Avropa Parlamentinin Slovakiyadan olan üzvü Boris Zala isə qeyd edib ki, Xocalı aeroportunun açılmasının münaqişəni alovlandıra biləcəyindən narahatdır: “Mən hələ də ümid edirəm ki, vəziyyət o səviyyəyə gəlib çatmaz. İstənilən halda, bu məsələ münaqişənin həlli prosesinə mane olacaq, Minsk Qrupunun və Avropa Birliyinin işini mürəkkəbləşdirəcək. Çikaqo Konvensiyasının 1-ci və 5-ci maddələrinə əsasən məkanında müstəqil hərəkət etmək və onu istədiyi kimi idarə etmək hər bir dövlətin öz hüququdur”.

Xocalı aeroportunun açılacağı təqdirdə onun necə fəaliyyət göstərəcəyi haqqında suala Zala belə cavab verib: “Bu aeroportun fəaliyyət göstərməsi üçün beynəlxalq və standart uçuş təcrübəsinə əsaslanmaqdan başqa yol yoxdur. Bu da o deməkdir ki, uçuşlar yalnız Azərbaycan hökumətinin icazəsi ilə mümkün ola bilər. Əməliyyatın başqa üsulla həyata keçirilməsi təyyarələrin və sərnişinlərin həyatını təhlükəyə atar və beynəlxalq qanunları pozmuş olar”.

Avropa Parlamentinin hansı fəaliyyətləri həyata keçirməklə Xocalı aeroportunun açılmasının qarşısını ala biləcəyi haqda suala cavabında Zala bildirib ki, hazırda Avropa Parlamentinin ayrı-ayrı üzvləri öz narahatlıqlarını fərdi şəkildə bildirir: “Əgər vəziyyət daha da ciddiləşərsə, mən gözləyirəm ki, Avropa Parlamenti münaqişənin miqyasını artırmaqdan çəkinmələri üçün hər iki tərəfə və bu işə daha yaxından cəlb olunmaları üçün Avropa Xarici Fəaliyyətlər Xidməti, Avropa Komissiyası və Avropa Şurasına təzyiq göstərən qətnamə qəbul edəcək. Gəlin unutmayaq ki, Avropa Birliyi Ermənistan üzərində siyasi və iqtisadi gücə malik olmayan qurum deyil, hər şeydən əlavə, biz yeni ticarət anlaşması üçün danışıqların son mərhələsinə daxil oluruq. Deməli, hətta əgər bu münaqişədə vasitəçiliyə birbaşa cəlb olunmasa da, Avropa Birliyi səlahiyyətsiz deyil. Avropa Parlamenti də bu məsələdə, Ermənistanla sıx siyasi və ticarət əlaqələrinə təşviq verən qurum kimi, imkanlara malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR