Bank Of Baku

Nazirlik: Azərbaycanın büdcə modeli gələcəkdə “ASAN xidmət” kimi beynəlxalq brendə çevrilə bilər

Nazirlik: Azərbaycanın büdcə modeli gələcəkdə “ASAN xidmət” kimi beynəlxalq brendə çevrilə bilər
# 22 oktyabr 2026 12:23 (UTC +04:00)

Azərbaycanda hazırlanmış nəticəəsaslı büdcələşdirmə modelinin gələcəkdə “ASAN xidmət” kimi ölkənin beynəlxalq səviyyədə tanınan uğurlu təcrübələrindən birinə çevrilməsi mümkündür.

“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda nəticəəsaslı büdcələşdirmə mexanizminin formalaşdırılması zamanı beynəlxalq təcrübə geniş araşdırılıb, müxtəlif ölkələrin tətbiq etdiyi metodologiyalar öyrənilib və milli xüsusiyyətlər nəzərə alınıb.

“Biz beynəlxalq təcrübəni, müxtəlif ölkələrin yanaşmalarını öyrəndik. Buna təxminən bir il vaxt sərf etdik və nəticədə pilot mərhələyə başladıq. Pilot dövründə tətbiq olunan metodologiyanın üstünlükləri və çatışmazlıqları ortaya çıxdı. Bu müddət ərzində Azərbaycana uyğunlaşdırılmış öz mexanizmimizi hazırladıq”, – deyə İ. Kərimov bildirib.

O qeyd edib ki, hazırlanmış mexanizm beynəlxalq təcrübədə mövcud olan modellərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənir və özünəməxsus Azərbaycan modeli hesab edilə bilər.

“İnanıram ki, müəyyən müddətdən sonra nəticəəsaslı büdcələşdirmənin Azərbaycan modeli də ‘ASAN xidmət’ kimi ölkəmizin beynəlxalq səviyyədə tanınan brendlərindən birinə çevrilə bilər”, – deyə nazirlik rəsmisi vurğulayıb.

İ. Kərimovun sözlərinə görə, rəqəmsallaşma bu modelin tətbiqində mühüm rol oynayacaq. Elektron sistemlərin inkişafı büdcə proseslərinin sürətləndirilməsi və təkmilləşdirilməsi ilə yanaşı, nəticəəsaslı büdcə idarəçiliyinin həyata keçirilməsi üçün də zəruri şərtlərdən biridir.

O bildirib ki, rəqəmsal həllərin tətbiqi büdcə proseslərinin daha səmərəli təşkilinə və dövlət maliyyəsinin idarə olunmasında yeni yanaşmaların formalaşmasına imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR