Azərbaycanın kənd təsərrüfatı naziri Bosniya və Herseqovina baş nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri Bosniya və Herseqovina baş nazirinin müavini ilə görüşüb - <font color=red>FOTO</font>
# 17 aprel 2012 15:00 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Bosniya və Herseqovina Federasiyasının baş nazirinin müavini, kənd təsərrüfatı, su təsərrüfatı və meşəçilik naziri Jerko İvankoviç-Lijanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla Bosniya və Herseqovina arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Nazir İsmət Abasov qonağa Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. O, ölkədə əlverişli torpaq-iqlim şəraiti, yüksək ixrac potensialı və xarici investisiya qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu, yerli iş adamlarının ölkəmizin aqrar iqtisadiyyat sahələrinə sərmayə yatırmaq və yeni texnologiyalar gətirmək niyyətini nəzərə alaraq, aşağıdakı istiqamətlərdə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair təkliflərini nəzərə çatdırıb:
- iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi məqsədilə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması;
- aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması;
- iqlim dəyişikliyi kontekstində soyuğa və istiyə davamlı bitki sortları və heyvan cinslərinə dair, eləcə də ümumiyyətlə kənd təsərrüfatının iqlim dəyişikliyinin təsirlərinə adaptasiyası və davamlılığının artırılması istiqamətində təcrübə mübadiləsi;
- heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində aparılmış tədqiqat nəticələrinin mübadiləsi;
- bitkiçilik məhsullarının istehsalı, emalı və saxlanması sahəsində müasir texnologiyaların tətbiqi;
- müxtəlif kənd təsərrüfatı bitkilərinin (buğda, arpa, qarğıdalı və tərəvəz) seleksiya və toxumçuluğu sahəsində qarşılıqlı təcrübə mübadiləsi;
- Bosniya-Herseqovinanın aparıcı lizinq şirkətlərinin və maliyyə qurumlarının (bankların) Azərbaycanın lizinq bazarında fəaliyyətinin təşkili və aqrar sektora investisiyaların yatırılması;
- aqrar elmi yeniliklərə dair informasiya mübadiləsi;
- kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edilmiş simpozium, seminar, konfrans, sərgi və yarmarkaların təşkili.

Bosniya və Herseqovina baş nazirinin müavini, kənd təsərrüfatı, su təsərrüfatı və meşəçilik naziri Jerko İvankoviç-Lijanoviç səmimi qəbula görə öz minnətdarlığını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasında öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR