AMEA-da vakant yerlərə seçki keçiriləcək

AMEA-da vakant yerlərə seçki keçiriləcək
# 17 fevral 2012 13:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bir sıra ixtisaslar üzrə AMEA-nın həqiqi üzvlərinin (akademiklərin) və müxbir üzvlərinin vakant yerlərinə seçkilərin keçirilməsi ilə bağlı elan verib. APA-nın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 16-cı bəndinə əsasən elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü (akademik) seçilirlər. Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 17-ci bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən və Azərbaycan vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilə bilirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə və müxbir üzvlərinə, elmi idarələrə, ali təhsil müəssisələrinə göstərilən ixtisaslar üzrə AMEA-nın həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər göstərmək hüququ verilir. Namizədlər elmi idarələr, ali məktəblər və elmi-ictimai təşkilatlar tərəfindən göstərildikdə namizədlərin seçilməsi gizli səsvermə yolu ilə aparılır. Namizədlərin irəli sürülməsi üçün adi səs çoxluğu kifayətdir.

Namizədlər haqqında AMEA Rəyasət Heyətinin təsdiq etdiyi qaydalara uyğun təqdimat bir ay müddətində AMEA-ya yazılı surətdə verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR