Nuşirəvan Məhərrəmli: “Telekanallarda problemli ailələr üzərində tok-şouların qurulması bizi daha çox narahat edir”

Nuşirəvan Məhərrəmli: “Telekanallarda problemli ailələr üzərində tok-şouların qurulması bizi daha çox narahat edir”
# 03 oktyabr 2012 08:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) növbəti on il üçün hədəflərini açıqlayıb. APA-nın xəbərinə görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun yaradılmasının 10-cu ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib. MTRŞ sədri bildirib ki, növbəti on ildə Azərbaycan özünün siyasi- iqtisadi inkişafı ilə bərabər, teleradio sahəsində də müəyyən işlər görməyi planlaşdırır: “Rəqəmsal yayıma keçidlə bağlı çoxlu problemlər ortaya çıxacaq. Hesab edirəm ki, Azərbaycanın mövcud iqtisadi imkanları bu problemləri aradan qaldırmağa imkan verəcək. Milli televiziya yayımçılarının öz məsuliyyətlərini dərk etmələrini çox istərdik. İstərdik ki, milli-mənəvi dəyərlərə uyğun, maarifləndirici, intellektual xarakterli verilişlər çox olsun. Azərbaycan tamaşaçıları daha çox xarici yox, milli telekanallar baxsın. Bu bizim əsas vəzifələrimizdən birdir”.

N. Məhərrəmli onu da qeyd edib ki, hazırda qarşılarında duran əsas problemlərdən biri efirdə milli-mənəvi dəyərlərə uyğun verilişlərin az olmasıdır: “Son zamanlar ictimaiyyəti narahat edən məsələlərdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır. Bu bizi çox narahat edir. Bunun tədricən aradan qaldırılması bizim hədəfimizdir. Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək. Hazırda telekanallarda Azərbaycan dili ilə yanaşı başqa dillərdən də istifadə edirlər. Bəzi telekanallar bu məsələlərdən sui-istifadəyə yol verirlər”.

Qeyd edək ki, MTRŞ-nin yaranmasının 10-cu ildönümü ilə bağlı bu gün qurumun rəhbərliyi, əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR