Ermənistan Milli Konqresi parlament seçkilərində qələbə qazanacağı təqdirdə Serj Sarkisyanı vəzifədən kənarlaşdıracaq

Ermənistan Milli Konqresi parlament seçkilərində qələbə qazanacağı təqdirdə Serj Sarkisyanı vəzifədən kənarlaşdıracaq
# 02 aprel 2012 15:43 (UTC +04:00)
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu konqresin lideri, sabiq prezident Levon Ter-Petrosyan martın 30-da keçirilən mitinqdə bildirib. O, S. Sarkisyanın saxtakarlıq, zorakılıq və qanun pozuntuları nəticəsində prezident postunu ələ keçirdiyini söyləyərək yeni parlamentin ilk iclasında onun istefası və məsuliyyətə cəlb olunması məsələsini qaldıracaqlarını deyib. Ter-Petrosyan 2008-ci ilin 1 mart hadisələrində zərər çəkən şəxslərə kompensasiya verəcəklərini açıqlayıb.

Sabiq dövlət başçısı ordudan ölkə daxilində yalnız təbii fəlakətlərin aradan qaldırılması üçün istifadə edilə biləcəyi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinin vacibliyini də vurğulayıb: “Hökumət yanındakı orqanların siyahısından Polis, Milli Təhlükəsizlik Xidməti və Dövlət Gəlirləri Xidmətini çıxararaq onların nazirlik statusunu bərpa etmək lazımdır”.

Qeyd edək ki, Ter-Petrosyanın liderik etdiyi Ermənistan Milli Konqresi 2008-ci il avqustun 1-də yaradılıb. Quruma 20-yə yaxın siyasi partiya və təşkilat daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR