Azərbaycan biznesmenlərinin nümayəndə heyəti Litvada səfərdədir

Azərbaycan biznesmenlərinin nümayəndə heyəti Litvada səfərdədir
# 17 mart 2012 10:36 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri və yerli iş adamlarından ibarət nümayəndə heyəti Litvada səfərdədir.

Azpromo-dan APA-ya verilən məlumata görə, martın 16-da Vilnüs şəhərində Azərbaycanın Litvadakı səfirliyi və Azpromo-nun təşkilatçılığı ilə Litva-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Litva tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Tədbirdə hər iki ölkənin səfirləri çıxış edərək Azərbaycan və Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq barədə məlumat verib, Azpromo tərəfindən Azərbaycanın biznes və investisiya mühiti, Litvanın «İnvest in Lithuania» və «Enterprise Lithuania» təşkilatları tərəfindən Litvanın biznes mühiti və ixrac imkanlarına dair təqdimatlar keçirilib. Biznes forum Azərbaycan və Litva iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

Litvaya səfər çərçivəsində Azpromo-nun nümayəndələri bu ölkənin iqtisadiyyat nazirinin müavini Lapinskas Daumantasla görüşüb. Görüşdə iş adamları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Bu gün, martın 17-də isə Azpromo-nun əməkdaşları və iş adamlarından ibarət nümayəndə heyəti xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Litvanın Kaunas bölgəsinə səfər edəcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR