Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 8,7% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 8,7% artıb
# 10 sentyabr 2012 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 8,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 110,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 10,5% bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6% ucuzlaşıb.

«Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 4,6%, tütün məmulatlarının istehsalı üzrə 4,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 2,4%, neft məhsullarının istehsalı və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,7%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3%, içki istehsalı üzrə 0,2%, kağız və karton istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4%, əczaçılıq məhsullarının istehsalı üzrə 1,9%, qida məhsullarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3%, geyim istehsalı, kimya və metallurgiya sənayesi üzrə 0,2%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1% bahalaşıb», - deyə Komitədən bildirilib.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,3% bahalaşma müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR