Əflatun Amaşov: “Mətbuat Şurası KİV-lərin təkrar qeydiyyatının aparılmasını təklif edib” - MÜSAHİBƏ

Əflatun Amaşov: “Mətbuat Şurası KİV-lərin təkrar qeydiyyatının aparılmasını təklif edib” - <font color=red>MÜSAHİBƏ</font>
# 20 iyul 2012 13:17 (UTC +04:00)
- Azərbaycanda mətbuatın yaranmasının 137 illiyi ərəfəsində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun media rəhbərləri ilə görüşü oldu. Həmin görüşün nəticəsi olaraq, Mətbuat Şurası təkliflər paketi hazırlayırmı?
- Həmin görüşdə çoxlu təkliflər səsləndi. Artıq Azərbaycan Mətbuat Şurası onları ümumiləşdirərək, Prezident Administrasiyasına göndərib. Təkliflər içərisində əsas yeri «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsindəki (açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində verilməlidir) «dövlət» sözünün çıxarılması, dövlət orqanlarının büdcəsinin bir faizinin reklam-təbliğat işlərinə ayrılması, dövlət qurumlarına məxsus elan və reklamların KİV-də bölünməsinin həyata keçirilməsi ilə bağlı xarici təcrübənin tətbiqi tutur.

Bununla yanaşı, yayım firmalarının şəhər və bölgələrdəki köşklərinin bərpası, qəzetlərin səyyar satış işinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, metro stansiyalarının çıxışlarında qəzet stendlərinin quraşdırılması da səslənən və tərəfimizdən qeydə alınan təkliflər sırasında idi.

Bizdə olan məlumata görə, həmin təkliflər Prezident Administrasiyasının rəhbərliyi tərəfindən müvafiq mərkəzi və icra hakimiyyəti orqanlarına göndərilib. Hazırda onların dəyərləndirilməsi imkanları araşdırılmaqdadır. Əminəm ki, yaxın vaxtlarda mövcud istiqamətdə əsaslı addımların atılmasını müşahidə edəcəyik.

- Ə. Həsənovla görüşdən sonra qəzet köşklərinin yenilənməsi və çoxaldılması istiqamətində hansısa addımlar atılıbmı?
- Hazırda bu istiqamətdə iş aparılmaqdadır. Düşünürəm ki, köşklərin yenilənməsi də ayrıca məsələdir. Çünki onların bir çoxu həddən artıq köhnədir və yeniləri ilə əvəzlənir. Həmin yeni, müasir standartlara cavab verən köşklərdə qəzet satışının vəziyyəti nə yerdədir - başlıca müzakirə mövzusu budur. Redaktorlar istər Əli müəllimlə görüşdə, istərsə də daha əvvəllər həmin obyektlərdəki nəşrlərin ya azlığından, ya da köhnəliyindən gileyləniblər.

Qəzet köşklərinin sayının çoxaldılması da aktualdır. Azərbaycanın elə yerləri var ki, orada ümumiyyətlə qəzet satışı məntəqələrinə rast gəlinmir. Təkliflər içərisində bu kimi məsələlərə də yer ayrılmışdı. Hesab edirəm ki, məsələlər kompleks şəkildə yanaşılmalıdır.

- Dövlət qurumlarının elan və reklamlarının KİV-ə bərabər sayda bölünməsi üçün rəsmi qurumun yaradılması ilə bağlı təkliflər yenidən gündəmə gəlir. Buna münasibətiniz necədir?
- Bu, dövlət rəhbərliyinə göndərdiyimiz təkliflər içərisində yer alıb. Bizim üçün vacib olan prosesin özüdür. Yəni, dövlət tenderlərinin, elan və reklamlarının KİV-də bölgüsünün aparılması. Bunun özü konkret işlək mexanizmin yaradılmasını zəruriləşdirir. Mövcud sahədə kifayət qədər sistematik fəaliyyət olmalıdır. Bütün bunlara görə düşünürük ki, ayrıca qurumun formalaşdırılması daha məqsədəuyğundur. Hər halda perspektiv dövlət rəhbərliyinin iradəsindən asılıdır. Yenə də deyirəm, bizim üçün əsas olan prosesin reallaşmasıdır.

- Azərbaycanda yüzlərlə fəaliyyətini dayandırmış qəzet və jurnal var. Lakin indi mövcud olan qanunvericiliyə görə, eyni adda ikinci KİV nəşr edilməsi mümkün olmadığına görə, hətta bir neçə il əvvəl fəaliyyətini dayandırmış qəzetin adı ilə yeni qəzet nəşr etmək mümkün deyil. Mətbuat Şurası bu istiqamətdə yeni təkliflər hazırlamaq fikrindədirmi?
- Çox doğru məqama toxundunuz. Sırf göstərdiyiniz məsələ kontekstində olmasa da, Mətbuat Şurası müxtəlif vaxtlarda KİV adları və onların fəaliyyətinin qanunvericiliyə uyğun olmaması ilə bağlı aidiyyatı üzrə müraciətlər ünvanlayıb. Əsas məqsədimiz həm də mövcud istiqamətdəki sui-istifadələrin qarşısını almaq olub. Amma toxunduğunuz mövzu məsələyə digər rakusdan da yanaşmağı tələb edir. Əslində isə qanunvericilikdə media orqanının hansı halda KİV adını daşıdığı əksini tapıb, konkret müddəalar yer alıb. Düşünürəm ki, qanuna riayət edilməsinə nəzarət də gücləndirilməlidir. Digər tərəfdən, hansısa qəzet illərlə çıxmırsa, onun adının reyestrdə saxlanılmasına hansı ehtiyac var? Əslində toxunduğunuz məsələ mövcud sahədəki problemlərin yalnız bir təzahür formasıdır. Mətbuat Şurası buna bir qədər kompleks yanaşaraq KİV-lərin təkrar qeydiyyatının aparılması təklifini irəli sürüb. Hesab edirəm ki, bu məsələ üzərində ciddi dayanmağa ehtiyac var.

- Azərbaycan jurnalistlərinin vahid həmkarlar təşkilatında birləşməsi istiqamətində iş aparılırmı?
- Bununla bağlı diskussiyalar hər zaman gedib, bu gün üçün də gündəmdədir. Bildiyiniz kimi, bəzi qəzetlərimiz Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqında təmsil olunurlar. Əksəriyyəti isə belə bir imkandan məhrumdur. Jurnalistika isə tamam fərqli, dinamik və kifayət qədər geniş, ən əsası isə qayğıya ehtiyac duyan sahədir.

Ümumən jurnalistlərin işlək həmkarlar ittifaqının formalaşdırılması peşə sahiblərinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlərin mühüm tərkib hissəsini təşkil edir. Bu ilin sentyabrından məhz həmin istiqamətdə konkret tədbirlərin reallaşdırılmasına başlamaq nəzərdə tutulur.

- Bu günlərdə “Ənənəvi mediadan online mediaya keçid” adlı tədbir keçirildi. Siz Azərbaycanda online medianın perspektivini necə görürsünüz?
- Ənənəvi mediadan onlayn mediaya keçid baş verir. Özü də proses təkcə Azərbaycan üçün xarakterik deyil. Bütün dünya buna doğru gedir. Məncə, əsas məsələ həmin mərhələdə ənənəvi medianın ictimai əhəmiyyətlilik baxımından əldə etdiyi müsbət keyfiyyətlərin hansısa mənada sıradan çıxmaması, qorunub saxlanması və inkişaf etdirilməsidir. Aparılan diskussiyaların mahiyyəti əslində buna söykənməlidir və söykənir də. Onlayn medianın fəaliyyəti hər hansı ölkədəki ictimai maraqların, cəmiyyətin bir toplum olaraq dəyərlərinin perspektivini şübhə altına almayacaqsa, təbii ki, yolu da açıq olacaq.

- Mətbuat Şurası beynəlxalq fondlar və təşkilatlarla necə əməkdaşlıq edir?
- Azərbaycan Mətbuat Şurası Avropa Mətbuat Şuraları Alyansının və Dünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Qurum hər il bu qurumların düzənlədikləri toplantılarda yaxından iştirak edir.

Şura eyni zamanda mütəmadi olaraq bir sıra aparıcı beynəlxalq təşkilatlarla, xarici fondlarla və diplomatik missiyalarla da fəal əməkdaşlıq edir. Elə bu günlərdə düzənlənən «Ənənəvi mediadan online mediaya keçid» mövzusundakı konfrans da təşkilatımızın xarici qurumlarla əməkdaşlığı sahəsində reallaşmışdı. Mətbuat Şurası həmin toplantını Avropa Birliyi, Avropa Şurası, ATƏT-in Bakı ofisi və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə birgə düzənləmişdi. Gələcəkdə daha böyük layihələrin reallaşdırılması nəzərdə tutulur.

- Azərbaycan prezidenti Həsən bəy Zərdabinin 170 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalayıb. Bu çərçivədə hansı tədbirlərin keçirilməsi planlaşdırılır?
- Bir neçə gün öncə ölkənin bir qrup KİV rəhbəri Həsən bəy Zərdabinin doğma yurdu Zərdabda oldular, onun abidəsini ziyarət etdilər. Həsən bəyin adını daşıyan muzeyə baş çəkdilər. Yeri gəlmişkən onu da deyim ki, dövlət başçısı dünən “Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” ыərəncam imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat vəsait ayrılıb. Hesab edirəm ki, cənab Prezidentin mətbuatımıza, onun ənənələrinə diqqət və qayğısından irəli gələn sərəncam eyni zamanda media nümayəndələrinin Zərdab səfərinin, Həsən bəyin ruhuna ehtiramının ictimaiyyət içərisində doğurduğu müsbət ab-havadan irəli gəlir. Dövlət başçısı bu ehtiramı da layiqincə qiymətləndirib. Çünki Həsən bəyə ehtiram əslində azərbaycançılığa, dövlətçiliyə ehtiramdır, milli ruha və kökə misilsiz bağlılıq nümunəsidir.

- Mətbuat Şurasının sədri bir çox ölkələrdə mövcud olan “Mətbuat muzeyi” yaradılması ideyasına necə baxır?

- Bu ideyanı təkcə ona görə dəstəkləmirəm ki, dünyanın bir çox yerlərində mətbuat muzeyləri var. O səbəbdən ki, Azərbaycan mətbuatı 137 illik mövcudluğu içərisində kifayət qədər zəngin yol keçib. Çoxsaylı tarixi proseslərə şahidlik edib. Belə bir muzeyin olması həm də ölkəmizin həssas, taleyüklü mərhələlərlə dolu tarixinin yaşadılması və gələcək nəsillərə çatdırılması nöqteyi-nəzərdən də önəmlidir. Düşünürəm ki, bu ideyanın gerçəkləşdirilməsinin vaxtı çoxdan çatıb.

- Bu günlərdə dövlətin qəbul planını azaltdığı ixtisaslardan biri də jurnalist ixtisası oldu. Sizin bu qərara münasibətiniz necədir?

- Bilirsiniz, zənnimcə, burada iki baxış var. Birinci, təhsil müəssisəsinin özəl və ya dövlət statusluluğundan asılı olmayaraq, orada jurnalistikanın tədrisi gerçəkləşdirilirsə, bu, müsbət haldır. İkinci məsələdə isə konkret vəziyyətə diqqət yetirmək zəruridir. Vaxtilə Bakı Dövlət Universitetinin filalogiya fakultəsinin jurnalistika şöbəsinə 25 tələbə qəbul olunurdu. Qiyabi ilə birgə 50 nəfər. Sonradan jurnalistika ayrıca fakultəyə çevriləndə yalnız əyani şöbədə 50 yer nəzərdə tutuldu. Həmin illərin belə demək mümkünsə, 50-ləri sırasında yer alanlar indinin özündə də aktiv jurnalist fəaliyyəti göstərirlər. Gəlin, müqayisə edək, hazırda mətbuatımızda onların sayı çoxdur, yoxsa yenilərin. İndiki qəbul planlarını daha genişliyini nəzərə alsaq, müqayisəli üstünlük birincilərin tərəfindədir. Bu isə o deməkdir ki, jurnalistika fakultələrini bitirənlər heç də ixtisasları üzrə fəaliyyətə maraq göstərmirlər. Əlbəttə, kəmiyyətdənsə kefiyyətə üstünlük verilməsi daha yaxşıdır.

- Mətbuatın 137 illinin tamamına bir gün qalmış Azərbaycan jurnalistlərinə deyiləcək sözünüz varmı?

- Azərbaycan mətbuatı hansı mərhələdə dayanmasından asılı olmayaraq, onda bir mütərəqqilik, insanları həyata səsləmək ruhu var. Bu, onun daxilindən gəlir. Əlbəttə, mediamız müəyyən kənar amillərin təsirinə də məruz qalıb. Bəzən fərqli missiyalar yerinə yetirib. Bununla belə, 137 ilin yekunu onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyətində mətbuatın ayrıca institut kimi yeri var. Mən həmin yerin və rolun daha güclü olmasını, monolit və fundamental qüvvəyə çevrilməsini istərdim. Təbii ki, bu jurnalistlərsiz mümkün deyil. Onların hər birinə bu yolda uğurlar, möhkəm can sağlığı arzulayıram.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR