Azərbaycan teatrları mövsümü başa vurublar

Azərbaycan teatrları mövsümü başa vurublar
# 20 iyul 2012 15:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Dövlət Opera və Balet Teatrı iyunun 27-də mövsümə yekun vurub. APA-nın məlumatına görə, teatrın səhnəsində oynanılan son əsər P. Maskaninin "Kənd namusu" operası olub. Teatrın simfonik orkestri avqustun 8-dən 13-dək Almaniyada keçiriləcək "Opera sənəti" festivalında iştirak etmək üçün qastrol səfərinə hazırlaşır.

Akademik Milli Dram Teatrı mövsümə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında Mərahim Fərzəlibəyovun quruluş verdiyi "Qarabağnamə" tamaşası ilə yekun vurub. Yaradıcı heyət yeni mövsümə də bu əsərlə başlayacaq.

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə başa vuraraq istirahətə yollanıb. Teatr yeni mövsümü də eyni əsərlə açmağı planlaşdırır.

Dövlət Yuğ Teatrı mövsümü argentinalı yazıçı Xorxe Luis Borxesin "Tabu" əsəri ilə yekunlaşdırıb. Tamaşanın rejissoru Ruslan Şöhrətoğludur.

Bakı Uşaq Teatrı mövsümü 1 saylı Cəzaçəkmə Müəssisəsində "Qeyri-adi məhkəmə" adlı tamaşa ilə bağlayıb. Kollektiv bu tamaşanı avqustun 27-də Masallıda, sonra isə Gəncə və Lənkəranda nümayiş etdirməyi nəzərdə tutur.

Musiqili Komediya Teatrı isə mövsümü iyunun sonunda M. F. Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" əsəri əsasında hazırlanmış "Kimyagər" tamaşası ilə son çatdırıb.

Mövsüm boyu bir-birindən maraqlı tamaşalar təqdim edən teatrlarımız təxminən iki aylıq istirahətdən sonra yenidən qapılarını teatrsevərlərin üzünə açacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR