Prezident İlham Əliyev Badamdar qəsəbəsində orta məktəbin və uşaq bağçasının açılış mərasimlərində iştirak edib

Prezident İlham Əliyev Badamdar qəsəbəsində orta məktəbin və uşaq bağçasının açılış mərasimlərində iştirak edib
# 04 sentyabr 2012 17:40 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 4-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.
Görülən işlərlə bağlı Prezidentə məlumat verilib. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostend yaradılmışdır. Bildirilib ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompüter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılıb. Kompüter otaqları internet şəbəkəsinə qoşulmuşdur. Binanın fasad və divarları üzlük daşla üzlənib, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılıb.
Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxıb, tədris şəraiti ilə tanış olub. Məktəbin həyətində idman meydançasının qurulduğu da qeyd olunub. Məktəbin 8 min 800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə asfalt örtük döşənmiş, abadlıq və yaşıllaşdırma işləri görülüb. Məktəbin həyətində 1500 kvadratmetrlik istinad divarı tikilmiş və üzlənib. Binanın ərazisi abadlaşdırılmış, məktəb istiqamətində uzanan küçə təmir olunaraq asfaltlaşdırılıb. Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulmuş, tutacaqlar quraşdırılıb. Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş, müasir qazanxana tikilib. Həyətdə yeni elektrik transformatoru quraşdırılmış, nasosxana yaradılıb. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılıb. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunub.
Dövlət başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.
Uşaq bağçasında yaradılan şəraitlə bağlı Prezidentə məlumat verilib. İki mərtəbədən ibarət binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı qeyd olunub. Bildirildi ki, ümumi sahəsi 1620 kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək üzlük daşla üzlənib. Bağçada 6 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün nəzərdə tutulan qrup və yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılıb. Bağça binasında müasir istilik sistemi qurularaq qazanxanaya birləşdirilib. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulub, nasosxana tikilib. Binada yanğından xəbərdarlıq sistemi qurulub.
Dövlət başçısı bağçada yaradılan şəraitlə yaxından tanış olub. Binanın həyətində də abadlıq işləri görülüb, 1000 kvadratmetr sahəyə asfalt döşənib, idman və əyləncə qurğuları quraşdırılıb, istirahət guşələri, həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi üçün meydança yaradılıb. Bağça binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən düzəldilib.
Uşaq bağçasında yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR