Əli Əhmədov: “Videoqalmaqalla bağlı YAP-ın vicdanı tamamilə təmizdir” - MÜSAHİBƏ

Əli Əhmədov: “Videoqalmaqalla bağlı YAP-ın vicdanı tamamilə təmizdir” -<font color=red> MÜSAHİBƏ</font>
# 10 oktyabr 2012 15:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

- Bu günlərdə paytaxtda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Həqiqət bundan ibarətdir ki, Azərbaycan çox mühüm, əzəmətli, möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməkdədir. Azərbaycanda, Bakı şəhərində tez-tez beynəlxalq forumlar, digər yüksək səviyyəli ali tədbirlər keçirilir. Hesab edirəm ki, bu tədbirlərin keçirilməsi bir yandan Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir. Amma bu yüksək diqqətin göstərilməsi üçün səbəb Azərbaycanın, Bakı şəhərinin yüksək inkişafıdır, burada lazımi infrastrukturların yaradılmasıdır. Bütövlükdə isə bu, Azərbaycanın dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır. O ki qaldı Bakı Beynəlxalq Forumuna, Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Bu mənada, mən hesab edirəm ki, Azərbaycan beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək imkanına malikdir. Bura yığışan insanlar tanınmış elm adamları, məşhur siyasətçilər idi. Bu insanlar sadaladığım sahələrdə dünyanın rəyini formalaşdıran, ən azından bu rəylərə ciddi təsir göstərmək imkanında olan şəxslərdir. Həmin adamların Bakıda toplaşması bir yandan da Azərbaycanın təbliği deməkdir. İkincisi isə Azərbaycanın bugünkü dünyanı düşündürən problemlərin həllinə töhfə vermək deməkdir. Bu mənada, bu və digər tədbirlərin keçirilməsini yüksək qiymətləndirirəm. Təkcə Bakı deyil, ölkənin digər yerlərinin də bu cür yüksək səviyyəli tədbirlərə hazır olduğunu da vurğulamaq istəyirəm. Misal kimi Qəbələdə beynəlxalq səviyyəli mədəni tədbirlərin, hətta dövlətlərarası görüşün keçirildiyini göstərmək olar.

- YAP-ın 20 illiyi münasibətilə hansı tədbirlərin keçirilməsi gözlənilir?

- Bu silsilədən tədbirlər keçirilir və davam edəcək. Təbii ki, YAP-ın yaranmasının 20 illiyi əlamətdar hadisədir. Məmnunluq hissi ilə deyə bilərəm ki, bu illər ərzində YAP iqtidarda olub. Ötən 20 il Azərbaycanın qarşılaşdığı problemlərin çözülmə, inkişaf illəri olub. Bizim xidmətimizin nəticəsi göz önündədir. Bunu ölkənin hər bir vətəndaşı görür, hiss edir. Partiyamızın yubileyi ilə bağlı bir sıra tədbirlərlə yanaşı böyük bir mühüm siyasi forum da keçiriləcək. Söhbət Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı qurumun VII Baş Assambleyasından gedir. VII Baş Assambleya noyabr ayında Bakıda keçiriləcək. Bu quruma Asiya ölkələrində fəaliyyət göstərən bütün siyasi partiyalar daxildir, onların sayı kifayət qədər çoxdur. Bu tədbir birbaşa YAP-ın 20 illik yubileyi ilə əlaqədar olmasa da, bu hadisənin partiyamızın yubileyi günlərinə təsadüf etməsi hesab edirəm ki, partiyanın 20 illik yubileyinə töhfə kimi qiymətləndirilə bilər. Ən əsası isə odur ki, biz 20 illik yubileyə alnıaçıq, üzüağ gəlmişik.

- YAP-ın gələn il keçiriləcək qurultayı ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarında keçirilən konfranslarda təşkilat sədrlərinin və digər kadrların təxminən neçə faizi dəyişdirildi?

- Bütövlükdə onu qeyd etmək istəyirəm ki, partiyamızın strukturunda, o cümlədən rayon təşkilatlarının tərkibində dəyişikliklərin aparılması bizim məxsusi olaraq qarşımıza qoyduğumuz məqsəd deyil. YAP-ın mövcud durumu bütövlükdə partiyanın hər bir üzvünün, o cümlədən rayon və şəhər təşkilatları təmsilçilərinin səmərəli fəaliyyətinin nəticəsidir. Amma eyni zamanda həyat dəyişir. Bu isə belə demək mümkündürsə, partiyanın kadrlarında da özünü göstərməlidir. Bu, təbiidir. Partiyanın rayon və şəhər təşkilatlarında keçirilən konfranslarda bəzi kadr dəyişikliyi edilib. Amma bu dəyişiklik əvvəllər də olub, özü də müxtəlif səbəblərdən: kiminsə yaşayış yerinin dəyişməsindən tutmuş, iş yerinin dəyişməsinə qədər... Son bir neçə il ərzində biz rayon və təşkilatlarının sədrlərinin təxminən yarısından çoxunda dəyişikliklər etmişik.

- Partiyanın gələn il keçiriləcək qurultayında YAP-ın İdarə Heyəti və Siyasi Şurasında hansısa ciddi dəyişikliklər gözlənilirmi?

- 2013-cü ildə keçiriləcək qurultayda partiya sədri İlham Əliyevin prezidentliyə namizədliyinin rəsmi şəkildə irəli sürülməsi nəzərdə tutulur. Qurultayın həll edəcəyi digər məsələlər qarşıdakı seçki dövrü üçün partiyanın əsas strateji xəttinin və proqramının müəyyənləşdirilməsi, təsdiqlənməsi ilə bağlıdır. Həmçinin, partiyanın strukturlarında aparılacaq dəyişikliklərdir ki, burada da bayaq dediyim kimi, söhbət hansısa məqsədli şəkildə dəyişikliyin həyata keçirilməsindən yox, partiyanın həmin dövrdə qarşısına qoyduğu məqsədlərə uyğun olaraq bəzi dəyişikliklərin edilməsindən gedir.

- İctimai Palatanın oktyabrın 13-nə təyin etdiyi aksiya ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Biz müxalifətin fəaliyyətində kütləvi aksiyalara həddən ziyadə aludəçilik olduğunu vurğulamışıq. İstənilən siyasi partiyanın, o cümlədən müxalifət partiyalarının fəaliyyəti rəngarəng, çoxşaxəli olmalıdır. Mitinqlərin keçirilməsi hər hansı obyektiv əsaslara söykənməklə olmalı, ayrı-ayrı partiyaların öz mövcudluğunu isbat etmək mülahizələri, yaxud ehtiyacları üçün edilməməlidir. Hansısa siyasi təşkilat özünün mövcudluğunu kütləvi aksiya keçirməklə, yaxud buna cəhdlə sübut etmək istəyirsə, bu, həmin təşkilatın ya fəaliyyətinin olmamağından xəbər verir, ya da o fəaliyyətin Azərbaycan ictimaiyyəti üçün heç bir önəm kəsb etmədiyini ortaya qoyur. Müxalifət öz fəaliyyətini hansısa aksiya keçirib şou düzəltməkdə görməməlidir. Özü də o adamlar aksiyanı Bakı şəhər İcra Hakimiyyətinin təyin etdiyi yerlərdə keçirmək istəmirlər, bunu həmişə görmüşük. Bunların məntiqinə görə şəhərin ən mərkəzi yerindən 5 kilometr aralı yer uzaq sayılır halbuki həmin aksiyalar üçün 500 kilometr uzaqdan - rayondan da adam gətirirlər.

- İctimai Palata oktyabrın 13-nə təyin etdiyi aksiyanı Elşad Abdullayev və Gülər Əhmədovanın yer aldığı videoqalmaqalla əsaslandırıb. Onlar aksiyanı “Parlament buraxılsın”, “Yeni parlament seçkiləri keçirilsin” tələbi ilə keçirmək niyyətindədir...

- Bu, tələb tamamilə absurddur. Əvvəla ona görə ki, videolarla əlaqədar istər YAP, istərsə Azərbaycanın hakimiyyət nümayəndələri kəskin bəyanatlarını ortaya qoyublar. Eyni zamanda, Respublika Prokurorluğunda faktla əlaqədar cinayət işi qaldırılıb, istintaq davam edir. Güman edirəm ki, baş verən hadisələrə Azərbaycan qanunları çərçivəsində hüquqi qiymət veriləcək. Belə olan halda, müxalifət nəyə etiraz edir? Əgər bir nəfər gedib kimisə aldatmaq istəyibsə, dələduzluq törədibsə, eyni zamanda bu dələduzluq nəticə verməyibsə, kiminsə kimisə parlamentə seçdirmək cəhdləri nəticəsində parlamentə seçilmək istəyən adam seçilə bilməyibsə, indi İctimai Palata adlanan qurum bunun nəyinə etiraz edir? Burada məntiq nədir, arqument nədir? Kimsə kimisə aldatmaq istəyir, bu onun öz işidir. Həmin aldatmaq istəyən adam YAP-ın üzvü olduğuna görə partiya buna mövqe bildirib, hökumət də öz mövqeyini bildirib, Respublika Prokurorluğu da bu məsələni araşdırır. İndi bunlar nəyə, kimə etiraz edirlər? Yaxud, nə demək istəyirlər? Sadəcə olaraq bundan bəhanə kimi istifadə etmək istəyirlər. Bir adamın dələduzluq hərəkətinə görə müxalifət mitinq keçirməlidir? Əgər onlar bir dələduza görə mitinq keçirmək istəyirlərsə, onda hesab edirəm ki, bu müxalifətin ümumiyyətlə siyasi arsenalında heç nə yoxdur. Bunlar artıq düşünmək qabiliyyətini də itiriblər. Görün, onlar nə dərəcədə Azərbaycan cəmiyyətinə mesaj vermək iqtidarında deyillər ki, kiminsə dələduzluq hərəkətinə görə, iki nəfərin arasında olan qanunsuz məsələyə görə etiraz aksiyası etmək istəyirlər. Axı həmin adam parlamentin deputatı olmayıb. Müxalifət əslində bununla özünü biabır edir. Bu ideya iflasa uğrayacaq, çünki çürükdür.

- Müxalifət videoqalmaqalla bağlı YAP-a qarşı bir sıra ittihamlar səsləndirib...

- Mən tam məsuliyyətlə demək istəyirəm ki, bu məsələ ilə əlaqədar YAP-ın vicdanı tamamilə təmizdir. Əlbəttə, YAP olaraq biz təəssüflənirik ki, partiyamızı təmsil edən bir adamın adı bu hadisələrdə hallanıb, qanunsuz əməllərin iştirakçılardan biri olub. Amma təbii ki, bu, həmin adamın yalnız özünün, konkret olaraq Gülər Əhmədovanın özünün törətdiyi əməldir. Bununla bağlı YAP sərt, sərt olduğu qədər də obyektiv mövqe bildirib. Hər kəs özünün törətdiyi əmələ cavab verməlidir. Kiminsə törətdiyi əmələ görə YAP-ı suçlamaq, günahlandırmaq qəti şəkildə doğru deyil. Heç kimin mənəvi haqqı da yoxdur ki, bu hadisəyə görə YAP-ın üzərinə kölgə salmağa çalışsın. YAP-ı belə şeylərlə tənqid etmək və ya bu cür primitiv üsullarla şantaj etmək mümkün deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR