“Sepah”ın sabiq komandanı: “İranla “altılıq” ölkələri arasında müzakirələrin keçirilməsi üçün tək seçim İstanbul deyil”

“Sepah”ın sabiq komandanı: “İranla “altılıq” ölkələri arasında müzakirələrin keçirilməsi üçün tək seçim İstanbul deyil”
# 03 aprel 2012 09:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında müzakirələr Türkiyədə deyil, başqa bir dost ölkədə keçirilməlidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) sabiq komandanı, İran Məsləhət Şurasının üzvü Möhsün Rezai deyib. O bildirib ki, Türkiyə bəzi razılaşmalara sadiq deyil: “İranla “altılıq” ölkələri arasında müzakirələrin keçiriləcəyi yer haqqında yaxşı düşünülməlidir. Tək seçim İstanbul deyil. Görüşlər Dəməşq və ya Beyrutda da keçirilə bilər”.

M. Rezai əlavə edib ki, İran güclü diplomatiya sayəsində qarşısında duran maneələri aradan qaldıra bilər: “Sanksiya və təzyiqlərin qarşısını xaricdə güclü diplomatiya, daxildə isə müqavimətlə ala bilərik. Gələcəkdə Qərbin qurtuluşu İranın əlindədir. Onların ehtiyaclarından öz xeyrimizə istifadə edə bilərik”.

İrana qarşı sanksiyaların nəticə verməyəcəyini söyləyən M. Rezai qeyd edib ki, İran müharibə arzusunda deyil: “Biz uranı zənginləşdirməyə “hə”, atom bombasına isə “yox” deyirik. Tehran təslim olmayacaq. Odur ki, “altılıq” ölkələrinin İranla müzakirə aparmaqdan başqa yolu yoxdur. Qarşıdakı müzakirələrdə onların bəhanə axtarışlarını zərərsizləşdirmək üçün yeni təkliflər irəli sürülməlidir. Sonda güclü məntiq qazanacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR