Azərbaycan Maliyyə Nazirliyinin layihəsi beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Maliyyə Nazirliyinin layihəsi beynəlxalq mükafata layiq görülüb
# 18 oktyabr 2012 12:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq edilən «Xəzinədarlığın İnformasiya İdarə edilməsi Sistemi» (XİİS) layihəsi Almaniyanın «SAP AG» şirkəti tərəfindən «SAP Quality Award 2012 for CIS» qızıl mükafatına layiq görülüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Agentlikdə dünya miqyasında geniş tətbiq edilən, biznes proseslərinin idarə olunmasında mütərəqqi proqram təminatı hesab edilən «SAP ERP» həlli əsasında «Xəzinədarlığın İnformasiya İdarə edilməsi Sistemi» tətbiq olunub.

Qiymətləndirmənin meyarlarına SAP-ın keyfiyyət prinsipinə əməl olunması parametri, effektivlik, həmçinin layihələrin unikal xüsusiyyətləri nəzərə alınmaqla tətbiqin rentabelliyi və məcmu dəyəri kimi əsas göstəricilər daxil olunur.

İnformasiya Sisteminin yaradılmasının əsas hədəfləri Xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, onların daha səmərəli istifadə edilməsi, bu sahədə şəffaflığın artırılması, risklərin minimallaşdırılması və pul vəsaitlərinin çevik idarə olunması, məlumatların daha operativ emal edilməsindən ibarətdir.

«SAP AG» şirkəti idarəetmədə tətbiq olunan proqram təminatı üzrə dünyanın qabaqcıl şirkətlərindən biri olaraq 25-dən artıq sahədə xidmət göstərir. Şirkətin 120 ölkədə 82 mindən çox müştərisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR