Azərbaycanda sığorta şirkətlərinin tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda sığorta şirkətlərinin tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları təsdiqlənib
# 14 iyun 2012 12:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları»nı təsdiqləyib. «APA-Economics»in məlumatına görə, bu sənəd sığortaçının tələb olunan kapitalının hesablanması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir.

Qaydalara əsasən, sığortaçının tələb olunan kapitalı həyat və qeyri-həyat sığortaları üzrə ayrı-ayrılıqda müəyyən edilmiş iki kəmiyyətdən böyük olanıdır. Bunlar tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən minimum məbləği və sığortaçının bu Qaydalara əsasən hesablanmış ödəmə qabiliyyətinin tələb olunan səviyyəsidir.

Bundan başqa, qaydalara əsasən, sığortaçının ödəmə qabiliyyətinin ümumi sığorta sahəsi üzrə tələb olunan səviyyəsi iki üsulla - «Sığorta haqları» və «Sığorta ödənişləri» metodu ilə hesablanacaq.

Birinci üsulda şirkətin hesabat dövründə topladığı sığorta haqlarının məbləği (müəyyən xərclər çıxılmaqla), ikinci üsulda isə şirkətin son 3 il ərzində həyata keçirdiyi sığorta ödənişləri əsas götürüləcək. Bu məqsədlə qaydalarda dürüstləşdirici əmsal və ehtiyat əmsalı anlayışları əsas götürülür.

Qaydalara əsasən, sığortaçının ödəmə qabiliyyətinin həyat sığortası sahəsi üzrə tələb olunan səviyyəsinin hesablanması zamanı şirkətin müxtəlif müddətlər üzrə bağladığı müqavilələr üzrə risk kapitalı məbləği əsas götürülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR