Gənclər və İdman Nazirliyi və UNDP birgə layihə həyata keçirir

Gənclər və İdman Nazirliyi və UNDP birgə layihə həyata keçirir
# 15 oktyabr 2012 10:44 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirir. APA-nın məlumatına görə, layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

Layihə çərçivəsində 04-12 oktyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm İnstitutu, Xəzər Universiteti kimi ali təhsil müəssisələrində layihənin təqdimatları təşkil olunub. Təqdimatların keçirilməsində məqsəd qeyd olunan birgə layihə ilə ali təhsil ocaqlarının tələbələrini daha yaxından tanış etmək və gənclərin qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında iştirakı sahəsindəki mövcud vəziyyət və gələcək imkanlar barədə müzakirələr aparmaq olub.

Təqdimatlar zamanı layihənin konsepsiyası və planlaşdırılan fəaliyyətlər, o cümlədən, qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakına ictimai və dövlət dəstəyinin göstərilməsi, layihənin icrasında qeyri-hökumət təşkilatlarının iştirakı, dövlət və gənclər təşkilatlarının əməkdaşlığı və layihə çərçivəsində BMT Təhlükəsizlik Şurasının gənclər üçün simulyasiya modelinin yaradılması istiqamətində görüləcək fəaliyyətlər və s. tədbirlər haqqında tələbələrə ətraflı məlumat verilib. Eyni zamanda layihə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmış, layihə çərçivəsində ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatları ilə əməkdaşlıq planlar ilə bağlı müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR