BDU-da Həsən Əliyevin 105 illiyinə həsr olunmuş konfrans keçirilir

BDU-da Həsən Əliyevin 105 illiyinə həsr olunmuş konfrans keçirilir
# 07 noyabr 2012 13:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı Dövlət Universitetində (BDU) akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” adlı II beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda çıxış edən universitetin rektoru Abel Məhərrəmov deyib ki, Azərbaycanda təbiətin mühafizəsinin milli elmi məktəbinin yaradılması məhz Həsən Əliyevin adı ilə bağlıdır: “Həsən Əliyev təkcə Azərbaycan torpaqlarını öyrənməklə kifayətlənməyib. O, Böyük Qafqazın dağ-çəmən torpaqlarını öyrənməklə bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını təhlil edib. Onun bir tədqiqatçı kimi özünəməxsusluğu ondan ibarət idi ki, elmi tədqiqatların nəticələrini həyata tətbiq etməyə çalışırdı. Məhz ona görə də torpaqlara, meşələrə, əkinçiliyə dair nəticələri ümumiləşdirir, rayonlaşdırır və xəritələşdirirdi. Son nəticədə onların əsasında ərazilərin inkişaf problemlərinə dair təkliflər verirdi. Həmin təkliflər bu gün də öz dəyərini və aktuallığını saxlayır”.

Rektor bildirib ki, Həsən Əliyevin elmi və ictimai fəaliyyəti ilə hələ 1960-cı illərdə xarici ölkələrdə geniş tanınmağa başlayıb: “Azərbaycanın “Əməkdar elm xadimi” adına, Dövlət mükafatına, Vavilov adına medala da layiq görülən Həsən Əliyevin ən böyük mükafatı xalqının məhəbbətini qazanmaq olub. Bu tədbir böyük şəxsiyyətin ruhu qarşısında icra edə bildiyimiz mənəvi borclardan biridir. Onun Azərbaycan təbiətindən daim narahat olan ulu ruhu əmin olmalıdır ki, qoyduğu irs, yaratdığı elmi məktəb uğurla davam etdirilir”.

Qeyd edək ki, 2 gün davam edəcək konfransda 400-ə yaxın məruzə dinləniləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR