İstanbulda Dünya Siyasət Forumu keçiriləcək

İstanbulda Dünya Siyasət Forumu keçiriləcək
# 14 may 2012 09:22 (UTC +04:00)
Bakı – APA. Bu il mayın 17-18-də İstanbulda Dünya Siyasət Forumu keçiriləcək. APA-nın xəbərinə görə, forumda dünyanın siyasi və iqtisadi böhranlardan xilas olmasının yolları, münaqişələrin həlli, siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə tənzimlənməsi, enerji təhlükəsizliyi, dünyada baş verən proseslərin bölgəyə təsiri və digər məsələlər müzakirə olunacaq.

Forum çərçivəsində təşkil olunmuş panellərdə çoxtərəfli, ədalətli iqtisadi münasibətlərin, bəşəriyyəti birləşdirəcək mədəni əlaqələrin qurulması, dini, mədəni dəyərlər, gender məsələsi, enerji təhlükəsizliyi, beynəlxalq təşkilatların problemlərin həllindəki rolları ilə bağlı dövlət adamları, mütəxəssislər, alimlər və analitiklərin iştirakı ilə müzakirələr aparılacaq, diskussiyalar keçiriləcək.

Toplantıda həmçinin dünyanın iqtisadi böhrandan sonrakı mənzərəsi, inkişaf etməkdə olan ölkələrin iqtisadi və siyasi münasibətlərin yeni müstəvidə qurulmasındakı rolları da müzakirə mövzusu olacaq.

Forumda yeni və ədalətli dünya düzəninin qurulması yolları, “Ərəb baharı”nın dünyaya təsiri, ərəb ölkələrinə inqilablarla demokratiya gətirməyin mümkün olub-olmadığı, Suriyadakı durum, dünyada gözlənilən siyasi gəlişmələr, yeni müdafiə strategiyaları və NATO-nun gələcəyi, terrorla mübarizə strategiyaları və terrora qarşı turizm, İsrail və İran arasındakı soyuq savaşın qanlı müharibəyə çevrilmə perspektivləri, Çinin inkişaf edən yeni güc mərkəzi kimi dünya siyasətindəki rolu, problemlərin həlli üçün yeni beynəlxalq müstəvi axtarışı və s. mövzularda panellər təşkil olunacaq.

Həmçinin dünyadakı borc böhranının görünməyən tərəfləri, Rusiyanın Avropa Birliyinin enerji təchizatındakı rolu, Şimal və Cənub Axını layihələri, Afrikanın dünya iqtisadiyyatına təsiretmə yönündə apardığı mübarizə, yeni beynəlxalq maliyyə güclərinin yaranma perspektivləri, Qara dəniz bölgəsində iqtisadi iş birliyi potensialı, Qafqazın bölgə iqtisadiyyatındakı rolu və s. mövzularda iqtisadi polemikalar da aparılacaq.

Toplantıda sosial medianın dünyanı idarə eləyən yeni qüvvə kimi meydana çıxması, ekoloji tarazlıq, dinin birləşdirici ünsür kimi çıxış etmək imkanları, təhsil problemləri, bəşəriyyətin humanizm hissinin və aclığa baxışının Somali nümunəsi, qadının siyasətdə rolu, ailə modelinin qorunması üçün mədəniyyət ittifaqlarının qurulması yolları kimi mövzularda da panellər keçirilməsi nəzərdə tutulub.

Forumda Azərbaycandan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, “Azərcell”in prezidenti Əli Ağan da iştirak edəcək.

E. Aslanov “Qara dəniz bölgəsində iqtisadi iş birliyi potensialı və Qafqazın bölgəyə təsir imkanları”, R. Abdullayev “Rusiyanın Avropa Birliyinin enerji təchizatındakı rolu: Şimal və Cənub Axını”, Şeyxülislam isə “Din birləşdirici ünsür olaraq” mövzusundakı panellərdə əsas çıxışçı olacaqlar.

Qeyd edək ki, yüksək səviyyəli paneldə Uruqvayın keçmiş başçısı Luis Alberto Lacalle Herrera, Çilinin turizm və iqtisadiyyat naziri Juan Andres Fontaine, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Arman Kırıkbayev, Qatarın iqtisadi əlaqələr nazirinin müavini Sheikh Ahmed Bin Mohammed Bin Jabr Al Thani, Gürcüstanın enerji naziri Aleksand Xatequri, İraqın baş nazirinin müavini Ros Nuri Shawees, Yəmənin baş naziri Mohammed Salim Basindwa, Türkiyənin təhsil naziri Ömər Dinçer, Kosovanın daxili işlər naziri Bajram Rexhepi, Kenya müdafiə naziri Mohamed Yusuf Haji, Gürcüstan xarici işlər nazirinin müavini Nikoloz Vaşakidze, Türkiyənin iqtisadi inkişaf naziri Cevdet Yılmaz, Tunisin qadın məsələləri üzrə dövlət naziri Sihem Badi, Rumıniyanın Milli Təhlükəsizlik Şurasının baş katibi İulian Fota, Türkiyə, İngiltərə, Fransa, ABŞ parlamentariləri, dünyanın tanınmış beyin mərkəzlərinin və universitetlərinin professorları, analitikləri, tanınmış yazar-araşdırmaçılar iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR