Fransada türk təşkilatları nəzarətə götürülüb

Fransada  türk təşkilatları nəzarətə götürülüb
# 06 aprel 2012 03:22 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Fransanın həftəlik "Le Point" jurnalı Fransanın xüsusi xidmət orqanı olan Daxili Kəşfiyyat Mərkəzi İdarəsinin (Direction Centrale du Renseignement İnterieuer – DCRİ) Fransa və Avropadakı türk dərnəklərinin fəaliyyəti və onların rəhbərləri ilə bağlı hazırladığı xüsusi sənədinə istinadən "Boz qurdlar Parisə daxil olurlar" adlı məqalə dərc edib.
APA-nın Avropa bürosunun məlumatına görə, yazıda Fransa və Avropadakı millətçi türk təşkilatlarına dair Fransa xüsusi xidmət orqanları tərəfindən ayrıca dosyelərin hazırlandığı və bu təşkilatların, onların əsas üzvlərinin nəzarət altına götürüldüyü bildirilir. Məqalədə deyilir ki, Fransada eləcə də Avropadakı türk diasporu təşkilatları türk millətçiləri, bozqurdçularla yaxın əlaqədədirlər. Qeyd olunur ki, 2011-ci ilin 22 dekabrında və 2012-ci ilin yanvar 21-də Fransa Parlamenti binasının qarşısında, qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanın tətbiq olunması haqda qanuna etiraz olaraq Avropanın hər tərəfindən gəlmiş 20-30 min türkün keçirdiyi kütləvi etiraz aksiyalarından sonra bu təşkilatlar barədə xüsusi qovluq hazırlanıb. Daxili kəşfiyyat Mərkəzi İdarəsinin (DCRİ) "Fransadakı türk millətçi hərakatı" adlı 20 səhifəlik bu hesabat internetə də yerləşdirilib. Lakin Fransa rəsmiləri bu xəbərin yalan olduğunu bildirir və türklərlə bağlı belə bir xüsusi hesabatın olduğunu inkar edirlər. Belə ki, Türkiyənin Fransadakı səfirliyinin narahat olaraq, Fransa daxili işlər nazirliyindən bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsi tələbinə cavab olaraq, ölkənin daxili işlər naziri Klod Gean DCRİ-nin belə bir hesabat hazırlamadığını və internetdə dolaşan bu sənədin saxta olduğunu bildirib.
O zaman, türk icmaları rəhbərləri və üzvlərinin fotoşəkillərinin də əks olunduğu və onların fəaliyyəti ilə bağlı belə bir detallı hesabatın kim tərəfindən hazırlanması sual doğurur. Qeyd edək ki, bu ilin 21 yanvarında Fransa Senatı qarşısındakı Avropa türk diasporalarının kütləvi etiraz aksiyası, türklərin Fransada ən izdihamlı yürüşü kimi yadda qalıb. "Le Point" jurnalın istinad etdiyi bu sənədə əsasən, Fransa əks-kəşfiyyat idarəsi Fransa və Avropadakı bir neçə əsas türk təşkilatları və onun adlarını açıqladıqları üzvlərinin fəaliyyətlərini Fransada ictimai asayişin pozulmasına yönəlmiş fəaliyyət kimi dəyərləndirib. Fransada türklərin belə bir izdihamlı aksiyası gözlənilməz olub. Dosyenin hazırlanmasında Fransadakı güclü erməni lobbisinin də əməyi istisna olunmur. DCRİ adından hazırlanmış və mətbuata ötürülən bu hesabatda açıq-aydın türk diasporasının üzvlərini qorxutmaq və onların fəaliyyətini zəiflətmək məqsədi güdülür. Hesabatın konteksti Fransada ictimai asayişin qorunması deyil, sanki daha çox ermənilərin təhlükəsizliyinin qorunmasına yönəlib. Belə ki, sənəddə Fransada və Avropanın digər ölkələrində dövlət vəzifələrində işləyən şəxslər və türk intellektualları da millətçilikdə və bozqurdçuluqda ittiham olunaraq, onların Avropa cəmiyyətində nüfuzdan salınması kimi məqsədlər aydın şəkildə görünür. Bundan başqa, hesabatda Azərbaycanla bağlı məqamlar da yer alıb. Sənəddə Senat qarşısındakı yürüşdən Azərbaycan bayraqları dalğalanan bir neçə şəkillər əks olunub və azərbaycanlıların da bu aksiyada iştirak etdikləri qeyd olunub. Bundan əlavə, Alparslan Türkeşin şəxsi mühafizəçisi olmuş Yusuf Ziya Arpacikin da Senat qarşısındakı yürüşdə iştirak etdiyi bildirilir və onun yürüşdən sonra Fransanın Heruvil bölgəsinin merinin müavini, əslən türk olan xanım Ersan Tastan və onun həyat yoldaşı Tayfur Tastanla görüşdüyü qeyd olunub və sənəddə buna dair bir neçə fotoşəkillər də dərc olunub. Yusuf Ziya Arpacik qatı millətçi kimi təqdim olunaraq, onun həbsdə olduğu və güya Azərbaycan da daxil olmaqla bir neçə xarici ölkələrdə "türk düşmənlərinə" qarşı vuruşduğu da deyilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR