Rusiyalı politoloq: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiyanın neytrallığını qoruması çətin olacaq” - MÜSAHİBƏ

Rusiyalı politoloq: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiyanın neytrallığını qoruması çətin olacaq” - <font color=red>MÜSAHİBƏ</font>
# 25 iyun 2012 08:47 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Vladimir Yevseyevin APA-nın Moskva müxbirinə müsahibəsi.

- ABŞ, Rusiya və Fransa prezidentlərinin Los-Kabos bəyanatını necə şərh edərdiniz?

- Həmsədr ölkələrinin başçıları Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ danışıqlarını sürətləndirməyə çağırıblar. Amma Azərbaycanla Ermənistan arasında vəziyyət daha da gərginləşir. Ən böyük problem də ondan ibarətdir ki, gərgin vəziyyət münaqişə zonası olan Dağlıq Qarabağ ərazisində deyil, birbaşa Azərbaycanla Ermənistanın sərhədində müşahidə olunur. Əgər gərgin vəziyyət Dağlıq Qarabağ ərazisində olsaydı, buna bir qədər sakit yanaşmaq olardı. Lakin silahlı toqquşmaların Azərbaycanla Ermənistanın sərhədində getməsi vəziyyəti daha da gərginləşdirir. Bu zaman Rusiyanın problemin həllində mövqe tutması çətinləşir. Rusiya Ermənistanın ərazi bütövlüyünü qorumaq barədə öhdəlik götürüb. Ona görə də, bu mənada müharibə başlanacağı təqdirdə Rusiya üçün neytrallığı qorumaq çətin olacaq. Çünki söhbət Ermənistanın ərazi bütövlüyünün itirilməsindən gedir. Bu səbəbdən də heç olmasa, Azərbaycan-Ermənistan sərhədində gərginliyi azaltmaq lazımdır. Təbii ki, Dağlıq Qarabağ konfliktində də gərginliyin artması yaxşı hal deyil. Təəssüf ki, hər iki ölkənin cəmiyyətində məsələnin dinc yolla nizamlanmasına qarşı çıxanlar var. Onlar buna hələ hazır deyillər. Bir-birinə olan inamsızlıq, keçmişin təsiri və ortaq məxrəcə gəlməkdə yol tapa bilməmək iki ölkə arasında danışıqlar prosesini əngəlləyir. İndi Azərbaycan və Ermənistan bir sıra məsələlərdə ortaq məxrəcə gələ bilər. Məsələn, hər iki ölkə cəbhə xəttindən snayperləri geri çəkə bilər. Lakin bunu etmirlər. Cəbhə xəttində snayperlərin olması və onların tez-tez gərginliyi artırması hər an müharibənin başlamasına səbəb ola bilər. Bu səbəbdən də snayperlərin müharibəsinin qarşısını almaq lazımdır. Əks təqdirdə tərəflər snayperlərin hədəfindən qorunmaq üçün beton maneələr çəkmək məcburiyyətində qalacaqlar. Bu, reallıqdır. Ona görə də, iki ölkə arasında gərginliyi dərhal azaltmaq və qoşunları münaqişə zonasından geri çəkmək lazımdır. Bu, mərhələli şəkildə həyata keçirilə bilər. Qoşunlar münaqişə zonasından çıxarılmasa, snayperlərin müharibəsi davam etsə, ictimai rəy xalqları münaqişəni hərb yolu ilə həll etməyə səsləsə, müharibə qaçılmaz olacaq. Həmsədr ölkələr isə münaqişənin nizamlanmasında əsas diqqəti buna yetirməlidir.

- Bu ayın əvvəllərində ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri baş tutdu. Azərbaycanla Ermənistan sərhədində gərginliyin yaşanması həmin vaxta təsadüf etdi. Bunu necə şərh edərdiniz?

- Bilirsiniz, çoxları elə bilir ki, Hillari Klinton münaqişənin hərb yolu ilə həllinə sanksiya verib. Hətta bundan qorxuya düşənlər də olub. Düşünürəm ki, bu, birbaşa belə ola bilməz. Lakin ABŞ dövlət katibinin regiona səfərinin özü müəyyən dairələri provokasiya edə bilər ki, onlar münaqişənin silahlı yolla həllinə sanksiya verildiyini hesab etsinlər. Buna yaxın tarixdə nümunə də var. 2008-ci ildə ABŞ dövlət katibi Kondoliza Raysın Gürcüstana səfərindən sonra avqust ayında Gürcüstan-Rusiya müharibəsinin şahidi olduq. Ona görə də, diqqətli olmaz lazımdır. Kimsə münaqişənin silahlı yolla həll olunmasına sanksiya verilməsini istəyir. Hesab edirəm ki, Dağlıq Qarabağda müharibənin başlanması bütün regionu odun içinə atacaq. Bu, ən qorxulusudur.

- ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətində fəaliyyətini necə qiymətləndirirsiniz?

- ATƏT-in Minsk Qrupu münaqişənin nizamlanması istiqamətində işini axıra qədər görmür. Nə ABŞ, nə də Fransa bu istiqamətdə işlərini axıra qədər görür. Buna səbəb həmin ölkədəki siyasi rejimlər də ola bilər. Fransada yeni prezident seçilib. Bəlkə bu yenilik ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətində fəaliyyətinə təsir göstərə bildi. Əsas məsələ təşkilatın fəaliyyətini aktivləşdirməkdir. Bundan sonra biz real addımların atıldığının şahidi olacağıq. Bu addımların ilki münaqişə zonasından qoşunların geri çəkilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR