MM-in komitə sədri: “Elmi işçilərin durumu onların məhsuldar işləmələrinə imkan vermir”

MM-in komitə sədri: “Elmi işçilərin durumu onların məhsuldar işləmələrinə imkan vermir”
# 17 may 2016 12:50 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğul - APA. “Magistraturadan elmə gələn gənclərin sayının azalması ciddi problemdir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

Q. Paşayeva bunun səbəblərindən birinin təhsil krediti ilə bağlı olduğunu söyləyib: “Ali təhsil pilləsində hər 3 gəncdən 2-si ödənişli təhsil alır. Ona görə də yoxsul, kəndlərdən, rayonlardan gələn istedadlı gənclərin təhsillərini davam etməsi üçün təhsil kreditlərinin verilməsi qanunvericilikdə əksini tapmalıdır. Digər tərəfdən, Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi magistrlərə möhlət verilib-verilməməsini yenidən müzakirə etsə, yaxşı olar”.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva da təhsilini yarımçıq qoyan gənclərin sayının artdığını qeyd edib: “Heç olmasa, əlavələrin həcmini artırmasaq, gəncləri elmə cəlb etmək çətin olacaq. ”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının kənardan hansı həcmdə vəsait cəlb etməsinin də diqqət mərkəzində olduğunu söyləyib: “Magistrlərə möhlət hüququnun verilməsi, hərbi xidmətdən azad edilmə “Elm haqqında” qanunun deyil, hərbi səfərbərliklə bağlı qanunvericiliyin predmetidir. Digər tərəfdən, 40 yaşdan aşağı şəxslər ödəniş əsasında hərbi xidmətə qəbul edilə bilərlər. Ona görə də magistrlərlə bağlı belə təkliflər aktuallığını itirir”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirib ki, hazırda elmi işçilərin maddi və sosial durumu onların məhsuldar işləməsinə imkan vermir: “Ona görə də gənc elmi işçilər başqa ölkələrə üz tutur, elmi işçilərin qocalması müşahidə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR