Elmin İnkişafı Fondu ermənilərin Azərbaycana işğalçılıq və soyqırım siyasəti ilə bağlı nəşrlərin təqdimatını keçirib

Elmin İnkişafı Fondu ermənilərin Azərbaycana işğalçılıq və soyqırım siyasəti ilə bağlı nəşrlərin təqdimatını keçirib
# 31 mart 2016 15:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr edilmiş “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

“Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının müəllifi Musa Qasımlıdır. Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələləri, Lozan konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti yaratması, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci Dünya Müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qoparmaq cəhdləri, azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi, Ermənistanın təcavüzünün başlanması, gedişi və Azərbaycan ərazilərinin işğalının nəticələri məsələləri araşdırılıb.

“Ermənistanın Azərbaycana təcavüzü” kitabının müəllifi Elçin Əhmədovdur. Kitabın birinci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. İkinci kitabda (Etnik təmizləmə, soyqırım, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası əksini tapıb. Üçüncü kitabda (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair dünya birliyi, o cümlədən beynəlxalq təşkilatlar (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və s.) tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili xronikası diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib ki, kitablar xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələri və magistrantları, eləcə də müəllimlər üçün faydalı ola bilər.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, müstəqil Azərbaycan dövləti qorunmalıdır: “Dünyada 5 min millət və xalq, yalnız 200 dövlət var. Dünyada elə xalq yoxdur ki, qurduqları dövlətdə 10 milyon, xaricdə isə 40 milyonu yaşasın. Yəni asimmetrik bir vəziyyət var. Azərbaycan gəncliyi bu barədə də fikirləşməlidir”.

Millət vəkili Elman Məmmədov qeyd edib ki, ermənilər Azərbaycan türklərinə qarşı soyqırım törətdikləri halda, özlərini soyqırıma uğramış kimi dünyaya təqdim ediblər: “Aprelin 24-də dünyada bütün ermənilər bir gül götürüb, yalançı “soyqırım”ı yad edirlər. Biz 31 martda xalqımızın soyqırıma uğramasını kütləvi şəkildə qeyd etməliyik. Bizim soyqırım abidəmiz və soyqırım muzeyimiz olmalıdır. Ən azı Bakıya gələnlərə Xocalı soyqırımı abidəsini ziyarət etməyi təklif etməliyik”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Hər iki nəşrin elmi redaktoru olduğunu söyləyən Ə. Həsənov kitabları yüksək qiymətləndirib və xarici dillərə tərcümə edilərək yayılması təşəbbüsünü dəstəkləyib: “Son 200 ildə Azərbaycan xalqına qarşı dayanmadan soyqırım aktları həyata keçiriblər və torpaqlarımızda dövlət qurmaq ideyasını həyata keçirmək üçün heç nədən çəkinməyiblər. 1918-ci ildə Rusiya imperiyasının dağılması və hakimiyyət uğrunda mübarizənin başlaması, erməni mürtəce dairələrinin mübarizəsi fonunda bir neçə gün ərzində Azərbaycan xalqına qarşı böyük soyqırım həyata keçirilib. Bir neçə gün ərzində Bakı əhalisinin dörddə biri Şaumyan başda olmaqla, silahlı erməni dəstələri tərəfindən qətlə yetirilib. Həm də tək Bakı deyil, Bakıdan kənarda da on minlərlə soydaşımızı qətlə yetiriblər. Heydər Əliyev ümumiləşmiş simvol olaraq 31 martı azərbaycanlılara qarşı soyqırım günü kimi rəsmiləşdirdi”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR