Məhkəmə jurnalistin deputata qarşı şikayətini qismən təmin edib

Məhkəmə jurnalistin deputata qarşı şikayətini qismən təmin edib
# 23 fevral 2017 15:14 (UTC +04:00)

Ali Məhkəmədə jurnalist Feyruz Həşimovun deputat Elmira Axundovaya qarşı verdiyi kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti qismən təmin edib. Belə ki, F. Həşimovun qarşı tərəfə ödəməli olan təzminatın məbləği 5 min manatdan 2 min manata endirilib.

Qeyd edək ki, deputat Elmira Axundova Feyruz Həşimovu 2015-ci ilin mayında “Gündəlik Bakı” qəzetində dərc olunan yazılara görə məhkəməyə verib. Deputat həmin məqalələrdə özü və oğlu barədə fikirlərlə şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, məhkəmədə ona qarşı 100 min manatlıq iddia qaldırıb. Deputat həmin yazılara görə təkzib verilməsi, üzr istənilməsi və 100 min manat da kompensasiya tələb edib. Xətai Rayon məhkəməsi deputatın iddiasını təmin edib, lakin təzminat məbləği 100 min yox, 5000 müəyyənləşdirilib. Deputat da bundan narazı qalaraq, apellyasiya şikayəti verib. Eyni zamanda, cavabdeh Feyruz Həşimov da apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra F. Həşimov kassasiya şikayəti verərək, əvvəlki qərarın ləğvini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR