Bu il sahibkarlara dövlət xətti ilə 186 mln. manat güzəştli kredit verilib

Bu il sahibkarlara dövlət xətti ilə 186 mln. manat güzəştli kredit verilib
# 29 avqust 2014 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkarın iştirak edib.

Tədbirdə bildirilib ki, bu il ərzində 3 547 sahibkara 186 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4 362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 21 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Həmçinin, indiyədək Gəncə şəhərindən olan 429 sahibkara 29,2 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 4 000-ə yaxın yeni iş yerləri yaradılıb.

İşgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Forum çərçivəsində Gəncə şəhərində xalça və trikotaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR