Xalq artistinin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Xalq artistinin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 28 oktyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə noyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə cəzası çəkiləndən sonra tətbiq olunacaq.

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.

Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR