Səyyad Aran: “Telekanallarda tok-şoulara ekspert kimi dəvət olunanlar ərindən boşanmış, hətta bir neçə dəfə boşanmış qadınlardır”

Səyyad Aran: “Telekanallarda tok-şoulara ekspert kimi dəvət olunanlar ərindən boşanmış, hətta bir neçə dəfə boşanmış qadınlardır”
# 28 noyabr 2014 09:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qərb ailə ənənələri bizim başa düşdüyümüz və anladığımız forma və məzmunda deyil, düşüncəmizə və dünyagörüşümüzə ziddir. Ona görə də bir sıra fəsadlara səbəb olur”.

APA-nın məlumata görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran deyib.

S. Aran bildirib ki, bəzən evlənmək kimi vacib işi hansısa telekanallar öz üzərinə götürür: “Guya iki nəfər bir-birini görür, telekanal da onları xoşbəxt cütlük kimi təqdim edir. Bu oğlan və qız bir yerdə oxumayıb, işləməyib, necə xoşbəxt ola bilərlər? İndiyə qədər belə qurulan ailələrin sonradan necə yaşadığı barədə həmin telekanallarda məlumat verilməyib. Yalnız bir ailənin xoşbəxt yaşaması barədə məlumat gedib”.

S. Aran qeyd edib ki, telekanallarda tok-şoulara, verilişlərə ekspert kimi dəvət olunanlar ərindən boşanmış, hətta bir neçə dəfə boşanmış qadınlardır: “O telekanallar, prodüserlər kimi, nəyi təbliğ edirlər? Axı bu insanları cəmiyyət tanımır? Bir də görürsən ki, 20 yaşlı qız 50 yaşlı arvada deyir ki, bilmirdin sonu belə olacaq? Bu 20 yaşlı qız axı o yolu getməyib, necə belə müdriklik göstərə bilər? Nə qədər paradoksal görünsə də, bu verilişlərin rayonlarda böyük tamaşaçı auditoriyası var. Görürsən ki, biri o birinə zəng edir ki, Zaurun, Elgizin verilişinə baxırsan? Bu yaxınlarda Şabranda bir qız ailədən qaçmışdı. Ailələrdə kəskin şəkildə deqradasiya gedir. Belə hallara qarşı mübarizə aparılmalı, mili-mənəvi dəyərlərimiz qorunmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva belə tok-şouları səviyyəli, işini bilən aparıcıların aparmasını vacib sayıb: “İctimaiyyətin də bu məsələyə öz münasibətinin ortaya qoyulması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR