Moskvada MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

Moskvada MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib
# 22 noyabr 2013 13:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 26-cı iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iştirak edib.

Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin çıxışında MDB-yə üzv ölkələrinin rəsmi nümayəndələrini salamlayaraq, Məşvərət Şurasının gündəliyində duran vacib məsələlərdən söz açıb. Onun sözlərinə görə, 26-cı iclasda qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunacaq, MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində vəziyyət və həyata keçirilən tədbirlər, kadr hazırlığının təkmilləşdirilməsi, sosial-demoqrafik siyasət sahəsində razılaşdırılmış konsepsiyanın həyata keçirilməsi üzrə tədbirlər planının layihəsi, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq.


Daha sonra çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov dinamik şəkildə inkişaf edən ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. Nazir müavini dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanda iqtisadi tərəqqi tempinin davamlı xarakter aldığını, hətta ümumdünya maliyyə-iqtisadi böhranı şəraitində belə ölkə iqtisadiyyatında inkişaf dinamikasının davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdırıb.

N.Məmmədov bildirib ki, Davos Beynəlxalq İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı öz rəqabətinə görə dünya üzrə 39-cu yerdə qərarlaşıb: “Bununla yanaşı, neft sektorunun 2013-cü ilin 9 ayında yüksəlişi də 10,4% təşkil edib”.

Nazir müavini həmçinin Azərbaycanda sosial müdafiə işinin gücləndirilməsi, yoxsulluğun aradan qaldırılması, işsizliyin ləğvi, miqrasiya proseslərinin tənzimlənməsi sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər və onların müsbət nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.

İclasda Qazaxıstan, Moldova və MDB-yə üzv olan digər dövlətlərin əmək, sosial müdafiə və ailə nazirliklərinin rəhbər şəxsləri və beynəlxalq ekspertlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR